"Sumqayıt"ın prezidenti Riad Rəfiyev müsahibə veirb. Sport24.az həmin müsahibəni təqdim edir.
- Təxminən 6 aydı “Sumqayıt” qələbəyə həsrətdi. Komandanın uğursuz çıxışına görə baş məşqçi dəyişikliyinə də getdiz. Ancaq bunun da bir faydası yoxdu. “Sumqayıt”da nə baş verir?
- Təəssüf ki, mövsümə yaxşı başlaya bilmədik. Daha doğrusu, başladıq, iki qələbə oldu, amma davamını gətirə bilmədik. Uğursuz seriya yaşadığımızı danmırıq. Bu həmin oyunçulardı, hansı ki, ötən mövsüm onlarla üçüncü yeri tutduq və yola da davam etdik. Bilirik ki, bu komandanın potensialı var. Düşünürəm ki, “Sumqayıt”ın “qara zolaqdan çıxması” üçün bir qələbə lazımdı. Mənə elə gəlir, kollektiv olaraq ən çox psixoloji problemdən əziyyət çəkirik. Hər qələbəsiz oyun komandanın üzərində psixoloji basqı yaradır.
- İctimaiyyət arasında fikir formalaşıb ki, “bürünc” “Sumqayıt”ın maksimumu idi. Bu üzdən eyni kollektivlə yola çıxmaq, mövsümlərarası fasilədə heyətdə ciddi dəyişikliklər etməmək rəhbərliyin səhvidi. Siz necə düşünürsüz?
- Deyə bilmərəm ki, “bürünc” komandanın, futbolçuların maksimumu idi. Bu fikirlə heç cür razılaşmıram. Öncə onu bildirim ki, ötən “futbol ili”ndə daha uğurlu idik. Xatırlayırsızsa, ötən mövsüm bu kollektivdən yığmaya 7-8 futbolçu dəvət alırdı. Bu da əbəs yerə deyildi. Oyunçularımızın sərgilədikləri yüksək keyfiyyətli performansa görə millinin baş məşqçisi təklif göndərirdi. Nə dəyişdi? Həmin adlardı. Sadəcə, yenə təkrarlayıram, hər uğursuz oyundan sonra futbolçularımız psixoloji cəhətdən “sınırlar” .
- Ötən mövsüm “Sumqayıt”ın 7-8 futbolçusunun ölkənin əsas komandasına dəvət olunduğunu bildirdiz. Məhz həmin dönəmdə bəzi mətbu orqanlarda həmin oyunçuların yığmaya çağrılmasının kökündə Riad Rəfiyevlə Canni de Byazi arasında isti münasibətin olması qabardılırdı.
- Tam yanlış fikirdi. Həmin futbolçular oynadıqları futbola və komandanın turnir cədvəlindəki mövqeyinə görə dəvət olunurdular. Yadınızdadısa, “Sumqayıt” 2020/21 mövsümünün ilk dövrəsini birinci pillədə başa vurmuşdu. Mövsüm ərzində isə 4-cü pillədən aşağı enmədi. Ortada uğurlu nəticə və baxımlı futbol olduğundan millinin baş məşqçisi futbolçularımızı yığmaya dəvət edirdi. İndi niyə çağrılmırlar? De Byazi mənə görə onları dəvət edirdisə, indi də çağırsın. Niyə dəvət etmir? Mümkün deyil ki, 7-ci pillədə qərarlaşan komandadan ölkənin əsas yığmasının düşərgəsində çox sayda futbolçu olsun. Hər şey mənə görə idisə, bu ənənə yenə davam etməliydi. Məncə, bu fakt sualınıza cavabdı. İtaliyalı başqa klub rəhbərləri ilə necə münasibət qurursa, mənimlə də eynidi. Canni de Byazi ilə ancaq öz oyunlarımızda görüşürəm.
- Nəticələr istədiyiniz kimi olmadığından çempionatın gedişində Ayxan Abbasovla yolları ayırıb, Aleksey Baqanı “sükan arxasına” dəvət etdiz. Ancaq belaruslu mütəxəssisin gəlişi də heç nəyi dəyişməyib. Belə olan halda Ayxan bəylə vidalaşmağın nə mənası oldu?
- Biz tərəfdən ən yanlış qərar o olar ki, Baqadan qısa müddətdə nəticə gözləyək. Biz onu 6 aylıq gətirməmişik ki, indiki halda avrokuboklara vəsiqə tələb edək. Belaruslu mütəxəssisin təqdimat mərasimində, ondan sonrakı açıqlamalarımda da dəfələrlə artıq növbəti “futbol ili”ni düşündüyümüzü bildirmişəm. Yanvardan bəri Baqanın Azərbaycan futbolunu, çempionatı, futbolçuları yaxından tanımaq üçün yetərincə vaxtı oldu.Yeni komanda qurmaq üçün seçim etməyə zamanı yetərincədi. Gəlin açıq danışaq. Baqa bura gələndə komanda hansı vəziyyətdə idi? Elə durumda onun bura gəlişi ilə vəziyyətin 180 dərəcə dəyişəcəyi inandırıcı deyildi. Biz bunu göz önünə almışdıq və yenə deyirəm, gələcəyi düşünüb bu addımı atdıq.
- Növbəti mövsümdən söz düşmüşkən, yeni komanda formalaşdırmaq yönündə hansı işlər görürsüz?
- Təbii ki, yeni mövsüm üçün yeni transferlər olacaq. Bu yöndə artıq işlər başlayıb. Gözaltı etdiyimiz futbolçularla danışıqlara başlamışıq.
- Yayılan xəbərlərə inansaq, daha çox Rusiya və Ukraynada çıxış edən Azərbaycan əsilli oyunçularla maraqlanırsız.
- Ölkə adı çəkməyək. Bəli, kənarda oynayan futbolçular var ki, onlar maraq dairəmizdədilər.
- Əsas komanda ilə yanaşı, əvəzedicilər də birinci divizionda autsarderlər sırasında qərarlaşıb. Deyəsən, böyüklərin uğursuz çıxışı gəncləri də həvəsdən salıb...
- B komandasından konkret nəticə tələb olunmur. Əsas məqsəd akademiyadan mümkün qədər çox sayda yeniyetməni əvəzediciyə cəlb edib, onların inkişafına nail olmaqdı. Diqqət yetirsəz, görərsiz ki, öz yetirmələrinə güvənən əvəzedici komandalar arasında “Sumqayıt” üst pillələrdədi. “Sumqayıt-2”də 13 futbolçu akademiyanın yetirməsidi.
- Ancaq gəlin razılaşaq ki, keyfiyyət olan yerdə nəticə də yaxşı olmalıdı...
- Əlbəttə, bunu danmıram. İstərdik ki, əvəzedicilərin nəticələri də ürəkaçan olsun. Bunun üçün də düşünürəm ki, müəyyən vaxt lazımdı. Bu gün 16-17 yaşında “ikincilər”də oynayanlar növbəti il bir qədər də püxtələşib, özlərini yaxşı tərəfdən göstərə, əvəzedicilərdən əsas komandaya yüksələ bilərlər.
- Akademiya komandalarının nəticələri sizi qane edir?
- Öncə onu vurğulayım ki, akademiyamızda çox perspektivli uşaq və yeniyetmələr var. Bütün yaş qruplarında istedadlar var ki, üzərlərində çalışsalar, gələcəkdə müxtəlif yaş qrupu üzrə yığmalarda və “Sumqayıt”da oynaya bilərlər. Hər komandamızda minimum bir və ya iki istedadlı uşaq var ki, onları xüsusi nəzarətə götürmüşük. Onu da qeyd edim ki, hazırda “Sumqayıt” Futbol Akademiyasının yetirmələri hər yaş qrupu üzrə yığmalara dəvət alıblar. Son olaraq dünən U-17-yə dörd futbolçumuzun dəvət olması ilə bağlı kluba məktub gəlib.
- Növbəti mövsümdən UEFA lisenziyası almaq istəyən klubların nəzdində qadın komandalarının olması vacib şərtdi. “Sumqayıt”da əvvəl belə komanda var idi. Ancaq indi yoxdu. Yenidən qadın futbolunu dirçəltmək fikriniz var?
- 2011/12 mövsümndən başalayaraq, bizdə hər il qadın komandası olub. Hətta 2014/15 “futbol ili”ndə qızlarımız çempionatın bürünc medallarına sahib çıxıblar. Pandemiya ortaya düşəndən sonra qızları futbola cəlb etmək yönündə çətinliklər yarandığından komanda fəaliyyətini dayandırdı. Yeni mövsümdən qız komandamızın çempionatda iştirakını təmin etməyi planlaşdırırıq.
- “Sumqayıt” bir ilkə də imza ataraq futzal məktəbi açmışdı. Həmin məktəbin aqibəti necə oldu, fəaliyyət göstərir?
- Pandemiya səbəbindən qapalı zallarda məşq etməyə icazə verilmədiyindən bir müddət məşqlərə ara verilsə də, martdan qadağa aradan qaldırlıb. Məktəbin baş məşqçisi Baba Əsgərovla bugünlərdə görüşdük. Yaxın vaxtda məşqlər başlayacaq.
- Bilirəm ki, bu sual sizə ünvanlanmamalıdı. Buna baxmayaraq, şəhərin tək komandasının prezidenti kimi soruşmalıyam. Artıq neçə vaxtdı, demək olar, yenidən tikilən Mehdi Hüseynzadə adına stadionda işlər dayanıb. Bu məsələ ilə maraqlanmısız?
- Bu barədə sizə heç bir məlumat verə bilməyəcəm. Çünki tikintinin sifarişçisi biz deyilik. Yaxşı olardı ki, sözügedən məsələ ilə bağlı müvafiq qurumlarla əlaqə saxlayasız. Biz də istərdik ki, təmir işləri yenidən bərpa olunsun.
- Siz eyni zamanda Klublar Komitəsinin sədrisiz. Qurum yeni yarananda hər ay iclaslar olurdu. Müəyyən vaxtdan sonra toplantılar 2-3 aydan bir keçirilməyə başladı. Son vaxtlar isə komitə üzvləri, ümumiyyətlə, bir araya gəlmirlər. Ehtiyac yoxdu, yoxsa bilmədiyimiz başqa səbəblər var?
- Komitənin iclasının keçirilməsi üçün klublardan sorğu gəlməlidi, gündəliyə müzakirə üçün hansısa mövzu çıxmalıdı. Hazırda müzakirəyə çıxarılacaq mövzu olmadığından iclas keçirilmir. Ancaq bu ayın sonu və ya mayda “Sumqayıt” belə təşəbbüslə çıxış etmək fikrindədi. Bəzi məsələləri gündəmə gətirib, Klublar Komitəsinin iclasında müzakirəyə çıxarmaq niyyətindəyik.
- Bugünlərdə İtaliya mediasına danışan millinin baş məşqçisi Canni de Byazi yığma barədə heç də xoşagəlməyən açıqlama ilə gündəmə gəlib ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sizin də onun söylədiklərinə münasibətinizi bilmək istərdik.
- İnanmıram ki, italiyalı mütəxəssis belə fikirlərin müəllifi olsun. O bilir ki, Azərbaycan xalqı 44 günlük müharibədə hansı şücaəti göstərib. Ancaq həqiqətən belə sözlər səsləndiribsə, çox təəssüf edirəm (Futbol+).