"Əsas məqsəd A divizionuna vəsiqə qazanmaq olacaq". Sport24.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sahib Məmmədov sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində keçiriləcək Avropa çempionatının (EBSL) final mərhələsindəki hədəfləri barədə danışarkən deyib.

 

Mütəxəssis B Liqasının A qrupunda yer alan millinin şanslarını dəyərləndirib: "Kağız üzərində qrupun favoriti bizik. Lakin hər şey bununla bitmir. Meydanda da yaxşı olmalısan. Qrup bizim üçün normaldır. Uğurlu nəticə qazanmaq istəyirik. Rəqiblərimizə gəlincə, Belçikanı İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsində böyük hesabla üstələmişdik. Digər rəqibimiz olan Litva belçikalılardan daha güclüdür. Beş il orada işlədiyim üçün bu komandanı yaxşı tanıyıram".

 

Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək. Azərbaycan seçməsi sentyabrın 11-də Belçika,12-də isə Litva ilə qarşılaşacaq.