"Hər oyuna olduğu kimi "Sabah"la da matça qalib gəlmək istəyi ilə çıxmışdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Camal Cəfərov deyib.

Gənc futbolçu "Kəpəz"in Misli Premyer Liqasının 29-cu turunda "Sabah"a qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb:

"Sabah" güclü komandadır. Ona görə də rəqibə qarşı əks-hücumda oynayırdıq. Bizə qələbə lazım idi. Məhz bu üzdən nəticəni qorumaqla son saniyəyə qədər mübarizə apardıq. "Səbail"lə aramızdakı xal fərqi 7 xal olsa da, bu o qədər də böyük deyil. Elitada yerimizi təmin etdiyimiz barədə düşünmək bizim üçün hələ tezdir. Qarşıda hələ 7 tur var. Məşqçilər korpusumuzun qarşıya qoyduğu hədəflər təkcə elitada qalmaq deyil, həm də turnir cədvəlində daha yüksək pillədə olmaqdı. Ümid edirəm ki, biz bunu edə bilərik".

Cəfərov növbəti turdakı qarşılaşacaqları "Araz-Naxçıvan"la oyundan gözləntilərini bölüşüb:

"Araz-Naxçıvan"la oyun üçün əhval-ruhiyyə əvvəlki ilə eyni olacaq. Düşünürəm ki, müdafiədə oturmayacağıq, ancaq hücum futbolu nümayiş etdirəcəyik. İtirəcək heç nəyimiz yoxdur. Ona görə də qələbə üçün oynayacağıq".