"Son dəqiqədə vurulan qol bizi motivasiya etdi". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Akim Zedadka deyib.
Cinah müdafiəçisi Bakıda İsrailin "Hapoel" (Beer-Şeva) komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra "Anewz TV"yə açıqlama verib.
Zedadka qarşılaşmanın gedişində baş məşqçi Valdas Dambrauskasın verdiyi məsləhətlərin komandaya kömək etdiyini bildirib. Fransalı futbolçu xüsusilə rəqibin pressinqindən çıxmaq və oyunu daha yaxşı qurmaq üçün çalışdırıcının verdiyi tapşırıqların önəmini vurğulayıb:
"Pressinqdən çıxmaq və daha yaxşı oynamaq üçün bizə bəzi məsləhətlər verdi. Onun hər zaman həlli var. Belə oyunlarda isə əsas məsələ motivasiya, mübarizə və ürəklə oynamaqdır. Biz də bunların hamısını ortaya qoyduq. Stadionda möhtəşəm atmosfer var idi.
Azarkeşlərə təşəkkür edirəm. Azərbaycan xalqına təşəkkür edirəm. Biz bunu onlar üçün də etdik. Çox, çox xoşbəxtik".
Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin püşkü avqustun 28-də atılacaq.