Ötən axşam Azərbaycan futbolu “ağ-qara” rəngə bürünmüşdü. “Neftçi” Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyanın “Rapid” kollektivini qəbul edirdi. 

Püşk bakılıları “Rapid”ə rəqib edəndə xəyalım məni 36 il əvvələ apardı. O dövrlər “Neftçi”dən sonra azarkeşlik etdiyim yeganə klub Kiyev “Dinamo”su idi. Tarixin yaddaşına köçmüş Kuboklar Kubokunun 1/4 finalına vəsiqə qazanmış Ukrayna flaqmanı “Rapid”lə qarşılaşmalı idi. Cütlüyün favoriti Avstriya təmsilçisi göstərilirdi. Təsəvvür edin, sözügedən  turnirin gələcək qalibi ilə matçlarda “Rapid” favorit idi!

36 il sonra isə tale “Rapid”i “Neftçi”yə rəqib seçmişdi. Avstriya Avropanın klub reytinq cədvəlində 9-cudu. Kişilər, biz hara boylanırıq? Heç bir şübhə yeri yoxdu ki, püşkün nəticələri bilindikdən sonra hamılıqla “Aris”i keçsin, “Rapid” bizlik deyil” deyirdik.

Oyundan 1 gün əvvəl “Neftçi” rəsmilərindən biri ilə “qabırğa söhbəti” etdim: “Motivasiya fantastikdi. Biz rəqibi parçalamağa çıxacağıq”. Bu sözləri eşidəndə, həm təəccübləndim, həm də müəyyən güvən yarandı. Axı, biz avstriyalıları dərindən təhlil etməmişik. Deməli, nəyəsə ümid etmək olar. Demək ki, Laurentsiu Reqekampf komandasını qələbəyə inandırmağa bacarıb ki, klub rəsmisi də “bülbül kimi cəh-cəh vurur”...

Oyunun əvvəlində qonaqlar özlərini qonaq kimi aparmasalar da, “dəli tribuna” işini gördü. Rəqibə inanılmaz təzyiq göstərən “Forza Neftçi”&CO sevimlilərini irəliyə qovmağı bacardı... və aydın oldu ki, Ferdinand Feldhoverin yetirmələri müdafiədə heç də keçilməz qala qura bilən deyillər. Yox, biz bununla “ağ-qara” drujinanın zəhmətini qətiyyən kiçiltmirik. Əksinə, məhz meydan sahibləri Avstriya təmsilçisini səhvlər buraxmağa vadar edirdi...

Oyunda baş verənləri bir-bir sadalamağa zərurət duymuruq. Elə son saniyədə buraxılan qola da “bir quş” deyib otürük. Maraqlı tərəf(lər) tam fərqlidir.

1) “Aris”ə qarşı ilk oyunda gördüyümüz bərbad “Neftçi”dən əsər-əlamət qalmayıb. İndi biz meydanda gəzən ruhlar yox, xətlərarası kommunikasiyası gündən günə yaxşılaşmaqda olan bir vahid mexanizm görürük.

2) Rege yetirmələrindən necə futbol istədiyini anlada bilib. Əlbəttə, hər şey ideal deyil, ancaq bu, yolun başlanğıcıdır. 

3) Start fitindən əvvəl kiməsə desəydin ki, “Neftçi”nin səfərə 1 top üstünlüyü ilə getməsinə razı olarsan, sizcə, hansı cavabı verərdi?

4) “Neftçi” ötən gecə böyüdü. Ruhən, mənən böyüdü. Bəli, “ağ-qaralar" səfərdən məğlubiyyətlə də dönə bilər. Lakin dünənki qələbə artıq növbəti avrokubok mövsümü üçün böyük yolun başlanğıcı kimi qəbul edilməlidir.

Və sonda 36 il əvvəl baş tutan qarşılaşmalara qayıtmaq istəyirəm: Kiyev “Dinamo”su “Rapid”i 4:1 və 5:1 məğlub etmişdi. “Neftçi” “ağ-qara” olsa da, komandanın “ağ gün”ə çıxmaqda olduğunu düşünürük. Yanılmamağımızı hər avrokubok oyunundan sonra yazılarımızda əks etdirmək ümidi ilə...

 

CEYHUN ƏLİYEV