Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümünə səfər heç-heçəsi ilə başlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığma ilk turda Litva ilə qarşılaşıb və Darius və Girenas stadionunda keçirilən görüşdən 1:1 hesablı nəticə ilə ayrılıb.

 

Matç Azərbaycan üçün heç də pis başlamadı. Lakin hesabı ilk dəyişən tərəf meydan sahibləri oldu. 9-cu dəqiqədə Armandas Kuçis penalti zərbəsini dəqiq yerinə yetirərək Litvanı önə keçirdi. Yığmanın cavabı isə çox gecikmədi. Cəmi beş dəqiqə sonra Mahir Emreli hesabı bərabərləşdirdi.

 

Hücumçumuzun bu qolu isə sıradan qollardan olmadı. Mahir fərqlənməsini Anım Gününə təsadüf etdiyindən komanda yoldaşları ilə birlikdə əsgər salamı ilə qeyd etdi. Beləliklə, 14-cü dəqiqədə hesab bərabərləşməklə yanaşı, milli komandamızın meydandakı reaksiyası da özünü göstərdi.

 

İlk hissədə vurulan iki qoldan sonra qarşılaşmanın tempində müəyyən dəyişikliklər yaşandı. Azərbaycan millisi xüsusilə hücumların sonlandırılması baxımından daha diqqətli ola bilərdi. Qarşılaşmada qələbə üçün imkanlarımız da oldu, lakin bəzi epizodlarda yaranan şanslardan tam istifadə edə bilmədik.

 

Statistik göstəricilər də oyunun kifayət qədər bərabər keçdiyini göstərir. Topa sahibolmada Litva cüzi üstünlüyə malik olub – 51 faizə 49 faiz. Lakin qapıya zərbələrin sayında Azərbaycan millisi daha fəal olub. Bu isə yığmanın səfərdə yalnız nəticəyə oynamaqla kifayətlənmədiyini, qələbə üçün imkanlar yaratdığını göstərən məqamlardan biridir.

 

Nəticədə komandalar meydanı bir xalla tərk etdilər. Təbii ki, səfərdə qazanılan xal müəyyən mənada vacibdir. Ancaq qarşıda bizi bu qrupda əsas hədəfə aparacaq daha önəmli görüşlər gözləyir.

 

Azərbaycan millisinin əsas məqsədi D Liqasındakı qrupunda ilk pilləni tutmaqdır. Bu baxımdan Litva ilə səfər oyunundan sonra Bakıda keçiriləcək cavab qarşılaşması xüsusi əhəmiyyət daşıyır. Yığma həmin görüşdə qələbə qazanmalı, Lixtenşteynlə oyunlarda isə maksimum nəticəyə yaxın olmalıdır.

 

Bir sözlə, Litvada itirilən iki xal kimi deyil, qarşıdakı oyunlar üçün başlanğıc nöqtəsi kimi baxmaq mümkündür. Millinin qarşısında hədəf aydındır: qrupda birinci olmaq. Bunun üçün isə səfərdə alınan bir xalı evdə üçə çevirmək lazımdır.