Misli Premyer Liqasında 2-ci baş məşqçi istefasını reallaşdıran "Sumqayıt"ın göndərdiyi Aleksey Baqa hələ ki Azərbaycanı tərk etməyə tələsmir. Keçən həftəsonu paytaxtımızın mərkəzində təsadüfən qarşımıza çıxan 41 yaşlı belaruslu mütəxəssis övladları ilə gəzintidə idi. Bizi görüncə gülümsəyən Aleksey Anatolyeviç səmimi görüşərək, hələ ki burda qalmasını böyük övladının məktəbə getməsiylə əlaqələndirdi. Hər halda, tanınmış məşqçi də yeni mövsümün onun belə uğursuz başlayacağını təxmin etmirmiş, uşağını paytaxtımızda məktəbə qoyaraq ən azı 1 il ölkəmizdə işləyəcəyini düşünürmüş. 

Bəs, niyə belə oldu? Sport24.az-ın əməkdaşının suallarını cavablandıran Baqa əsas məsuliyyəti öz üzərinə götürdü. 

 - Sizin kimi tanınmış məşqçinin "Sumqayıt"dan belə tez gedəcəyi gözlənilməz oldu. Çünki kluba keçən qışda gələndə 2,5 illik müqavilə imzalamışdınız, amma yekunda heç 1 il işləmədiniz. Bəs, özünüz üçün belə gedişat sürpriz olmadı? 

- Normal vəziyyətdi, komandanın qələbəsi yoxdu. Aydın məsələdi ki, bu zaman baş məşqçidən soruşulur. Bu müddətdə xal toplaya, komandayla turnir cədvəlində yuxarı qalxa bilmədim. Buna görə normal situasiyadı ki, peşəkar idmanda baş məşqçidən nəticə tələb olunur.

- Hələ "Neftçi"yə "Bakcell Arena"da 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiniz, bizim qarşımıza köməkçiniz Rail Məlikov çıxdı. Həmin vaxt istefa verib gedirdiniz, rəhbərlik sonda fikrinizdən daşındırıb sizi saxladı?

- Yox, onda istəmirdim gedim. Sadəcə, ilk növbədə daxildə çox neqativ şeylər yığılmışdı. Çünki əvvəlki klublarımda qələbə qazanmağa öyrəşmişdim. Bu qədər udmayanda adət etmədiyim hisslər yaşadım. Buna görə emosional an idi. Üstəlik, həqiqətən elə alındı ki, ailəmin yanında olmalı idim. Övladım xəstələnmişdi, həyat yoldaşım yad şəhərdədi, tez kömək etməli idim. Necə deyərlər, bədlik bir olmur, dalbadal gəlir. 

- Niyə "Sumqayıt"da işiniz alınmadı? Transferlər istəyinizlə edilmədi, yoxsa nə? Uğursuzluğu soyuq başla analiz edəndə...

- Açığı, baş hələ heç də soyuq deyil. Amma tam doğru deyirsiniz ki, belə etməlisən. İstənilən halda, daxilimdə keçirdiyim hansısa analiz olacaq. Çünki mənim üçün də bu sual xoşagəlməyən plandadı ki, niyə alınmadı. Bunadək digər klublarda, digər ölkələrdə - Qazaxıstanda "Aktobe"ni götürməsək ki, ordan da tez ayrılası oldum - gözəl keçmişdi. Bu, Litvada "Jalgiris"də də belə idi, Belarusda BATE-də də, Soliqorsk "Şaxtyor"unda da - hamısında çempion oldum. Burda isə alınmadı uğur qazanmaq. Əlbəttə, özümdən soruşacam ki, niyə belə oldu.

- Bəlkə Azərbaycan Premyer Liqasını ciddiyə almadınız?

- Yox-yox. Bu, ola bilməz! Bilirdim ki, Azərbaycan Premyer Liqası nədi - "Neftçi", "Qarabağ"ı əzbər bilirdim. Eyni zamanda "Qəbələ"ni Yuri Syomin və Roman Qruqorçukun dövründən tanıyırdım. Bu planda dediyiniz məsələ dəqiq yox idi. Aydın məsələdi idi ki, yetərincə ciddi səviyyədi, legionerlərdi. Hətta bu, peşəkarcasına deyil ki, bir ölkəyə gəlirsən və fikirləşirsən ki, burda futbol oynaya bilmirlər. Bu, düzgün deyil. 

- Onda sualı belə qoyaq ki, siz Litvada və Belarusda güclü komandalara işləmişdiniz. Hər biri ölkələrinin flaqmanları sayılır. "Aktobe"ylə "Sumqayıt" isə belə deyillər. Bəlkə hazır komandalarda nəticə verə bilirdiniz, amma əksinə olanda yox? Bu zaman daha çox çalışmaq lazım gəlir...

- "Aktobe"yə bağlı düzəliş edim ki, Qazaxıstan çempionudu, avrokubokların iştirakçısıdı.

- Bilirəm, amma indi Qazaxıstanda liderlərdən sayılmır, "Astana", "Kayrat", "Tobol" ön plandadı...

- İstənilən halda "Aktobe"nin tarixi, Qazaxıstan futbolunda adı var. Ola bilər ki, "Sumqayıt" belə titullu klub deyil. Amma buna baxmayaraq, bura gəlib işləməyə razılıq verdim. Sadəcə, alınmadı, vəssalam!

- "Sumqayıt" tarixində ilk dəfə legioner transferinə məhz sizin vaxtda icazə verildi və gətirilənlərin səviyyəsi çox müzakirə olunur. Sizcə, onlar keyfiyyətli deyildilər?

- Artıq klubda işləməyərək heç nəyi şərh etməyəcəm. Ola bilər ki, hətta bu məsələni gündəmdən çıxaraq. Bu, yaxşı, peşəkar olmayacaq. "Sumqayıt"ın işçisi olduğum son dəqiqəyədək fikir bildirə bilərdim, amma indi bunu etməyəcəm. Bu, hər şeydən əvvəl kişi hərəkəti olmayacaq.  

- Azərbaycanda işləməyə gəldiyinizə görə peşman deyilsiniz?

- Qətiyyən! Bu, təcrübədi, məşqçi işidi, həmişə çemodandı, vağzaldı, uçuşlardı, yeni ölkədi. Hələ BATE-yla "Qarabağ"la oyunla bağlı Bakıda olduğum vaxtda gözəl şəhərin, gözəl insanların olduğuna şahidlik etdim. Yəni, ümumiyyətlə, heç bir mənfi bir şey deyə bilmərəm - yalnız ondan başqa ki, burda nəticə qazana bilmədim. Bura gəldiyimə görə heç bir şikayətim yoxdu. Yeni tanışlıqdı, yeni təəssüratlardı, yeni futbol tanışlığıdı. Kimliyindən asılı olmayaraq hər bir rəqiblə oyundan qabaq həmkarlarımla gözəl, münasibət, gözəl ünsiyyət idi - başlayaraq böyük məşqçi Qurban Qurbanovdan digər klublarda işləyən həmkarlarımadək. Hesab edirəm ki, idmanda belə kriteriyalarla yaşamaq lazım deyil. Çünki şərti olaraq dünən London "Arsenal"ı vardı, bu gün hansısa uğursuzluq.

- Yəni, hesab etmirsiniz ki, Azərbaycanda uğursuz işiniz imicinizə məfi təsir göstərəcək?

- Yox. Necə deyərlər, nəticə baxımından mənim üçün heç də yaxşı dövr deyildi. Amma eyni zamanda təkan, siqnaldı daha çox işləmək, daha çox analiz üçün ki, Rusiyada, "Qarabağ"da, millidə işləyən kolleqalara bənzəyəsən. Bu dönəm mənim üçün yaxşı siqnaldı.

-  Maraqlıdı, "Sumqayıt"dan getməklə bağlı ilk addımı siz atdınız ki, daha yaxşısı olardı ayrılım, yoxsa rəhbərlik bunu dedi?

- Dediyim kimi, nəticə yoxdursa, istənilən halda, baş məşqçi buna cavahdehdi. 

- Sirr deyilsə, kompensasiya istədiniz? Çünki klubla 2 ilə yaxın müqaviləniz vardı...

- (gülür) Heç bir şey istəmədim. İnanın ki, xoşluqla ayrıldım. Bura pul dalınca gəlməmişdim. Əvvəlki klublarımda hansısa başqa rəqəmlərə malik ola bilərdim. Amma bura futbolla məşğul olmağa gəlmişdim. Təəssüf ki, bu, alınmadı. 

- Yeni variantlar var artıq?

- Yalnız bir neçə gün keçib. Belarusda çempionat bitir, həlledici mərhələdi. Başqa yerdə başqa amil var. Üstəlik, dünyadakı vəziyyəti unutmayın - loqistika və s. bağlı çətinlikdi. Fikrimcə, istənilən halda, bir variant olar. Əsas odur ki, Allah eləsin dünyada sülh, əmin-amanlıq olsun, heç bir pis xəbər olmasın, hamı sağ-salamat olsun. Futbolla isə hansısa bir formada məşğul olarıq.

- Hələ bir ay burdasınız? Övladınız məktəbə yeni getdiyinə görə...

- Bilmirəm nə qədər olacam burda. Bunu təxmin edə bilmərəm. Ola bilər ki, sabah nəsə olsun. Bakıda yaşayıram, həmişə burda məskunlaşmışam. Sadəcə, nəsə bir şey olsa, uça bilərəm başqa ölkəyə. Hər gün təyyarə reysləri var.

No description available.

 

MEHMAN SÜLEYMANOV