Ötən axşamdan bəri futbol camiəsində ən çox müzakirə olunan Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Zirə” - “Keşlə” matçıdı. Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun təyinatların düzgün aparılmamasına dair verdiyi açıqlamadan çox keçməmiş, redaksiyamızla əlaqə saxlayan hakim-inspektor Babək Quliyev bizdən tribuna istədi.


Sabiq FIFA referisi Sport24.az-a verdiyi açıqlamada Məmmədovun dünənini xatırlatdı:


“Xaqani Məmmədovun fikirlərinə bizim heç bir ehtiyacımız yoxdu. Bir adam ki, avrokubok matçında Xorvatiyada “heç-heçəyə 15 dənə verirlər”, deyərək hamımızı rüsvay edib, bir adam ki, bir fiti ilə Azərbaycanı ilyarım futbolsuz qoyub, bir adam ki, Anatoli Konkovla sövdələşmə görüşü üçün vaqondan vaqona, kupedən kupeyə keçib və daha sonra izahatı ilə törətdiklərini etiraf edib, onun bizə məsləhət vermək haqqı yoxdu. Elə bizim də onun məsləhətinə ehtiyacımız yoxdu”.

Fürsətdən istifadə edərək, Quliyevdən Elçin Məsiyevin idarəçiliyi, ələlxüsus da “Zirə”nin qapısına təyin etdiyi penalti barədə fikirlərini öyrənməyə çalışdıq.

“Mənim bu barədə mətbuata fikir bildirmək hüququm yoxdu”, deyən Babək bəy əlavə şərhə ehtiyac duymadı.