"Düşünürəm ki, səmərəli toplanış oldu. Məncə, yaxşı keçdi". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov deyib.
22 yaşlı müdafiçi ötən gün Macarıstana Bakıda 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb:
"Latviya (0:0) və Macarıstan milliləri rəqiblərimiz oldu. Hər iki matçda qalib gəlmək istəyirdik. Azarkeşlərimizi sevindirmək niyyətində idik. Çoxdandı qələbə əldə etmirdik. Birinci qarşılaşmada da qalib gəlmək üçün şanslarımız var oldu. Düşünürəm ki, həmin görüşdə də pis çıxış etmədik".
Hüseynov kollektiv oyuna üstünlük verməli olduqlarını söyləyib: "Məncə, birlikdə mübarizə aparsaq, qələbələr əldə edəcəyik. Sadəcə, bir az inamlı olmaq lazımdır. Düşünürəm ki, rəqibləri gözümüzdə böyütməməliyik".
Oyunçu beşli və ya dördlü müdafiə ilə çıxış etməyi baş məşqçinin seçdiyini deyib:
"Bizə hansı taktika və tapşırıq verilirsə, onları maksimum şəkildə yerinə yetirməyə çalışırıq. Amma məşqçimizin istəyi odur ki, qol buraxmayaq. Qol vurmasaq olar, amma əsas odur ki, qapımızda top görməyək. Ən vacib şeylərdən biri budur. Bunu dəfələrlə bizə deyir. Biz də bunları etməyə çalışırıq. Məncə, pis də alınmır. Əlbəttə daha da inkişaf edə bilərik".