"Kəpəz" komandasının baş məşqçisi Azər Bağırov "Qəbələ" ilə keçirilən yoxlama oyununun onun üçün maraqlı alındığını və futbolçuların yaxşı mübarizə apardıqlarını bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis bunu Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
O, yoxlama görüşündə gənc oyunçulara da şans verdiyini qeyd edib:
"Akademiyadan dörd oyunçunu yoxlamaq imkanımız oldu. Onlar yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə həmin futbolçular əsas komandaya namizəd olacaqlar. Yeni transferimiz Veysəl Rzayev də ilk oyununa çıxdı və qənaətbəxş təsir bağışladı".
Baş məşqçi komandadakı çatışmazlıqların üzərində işlədiklərini diqqətə çatdırıb:
"Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İkihissəli oyunda ilk "onbirliy"imizi meydana buraxmadıq, fərqli heyətlərin təzyiq altında oynamasını istədim. Əsas odur ki, matçı zədəsiz və itkisiz başa vurduq. Bir həftədir məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına qədər komanda istədiyimiz səviyyəyə çatacaq".