"FIFA Series 2026" yoldaşlıq turnirində keçirilən Azərbaycan – Sent Lüsiya oyunundan (6:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü…

 

– Bu hava şəraitində bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Oyuna gəlincə, belə havada oynamaq ağırdır. Hər iki komanda da çətinlik çəkirdi. Buna baxmayaraq, futbolçuların işi, diqqəti, qol vurmaq istəyini gördük. Özümüzə inam üçün bu hal sevindiricidir. Heyətdə yeni adlar var idi. Bundan sonrakı oyuna vaxtımız azdır. Hazırlaşırıq. Qalib gəlmək istəyirik. Rəqib daha güclü, yaxşı komandadır. Matça hazır olub, yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.

 

Bu oyun bizim milliyə nə verdi və nəyi görmək istəyirdiz, nə gördünüz?


– Bundan əvvəlki oyunlarımızın hamısı çox ciddi rəqiblərə qarşı idi. Millidəki futbolçuların döyüşkənliyi ilə öyünürdük. Bilirik ki, Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik. Bu gün futbolçuların qol vurmaq, qələbə istəyi var idi. Millinin oyunlarında məncə, nəticə önəmlidir. Hər xal, hər statistika vacibdir.

 

– Nə üçün futbolçular oyuna Azərbaycansayağı yanaşırdılar. 4:1 öndə olsaq da, futbolçu rəqib meydançada simulyasiya edirdi…


– Bu, düzgün fikir deyil. Bu gün hava şəraitini nəzərə almaq lazımdır, sürüşkənlik var idi. Millətlər Liqasında heç bir futbolçunu itirmək istəmirik. Belə hallara diqqət etməlidir.

 

– Çoxlu dəyişikliklər oldu. Optimal formanı tapmaq istəyirdiniz, ya hamıya şans vermək?


– Hamıya şans vermək, görmək istəyirik. Komandada rəqabət var. Heyətdə dəyişiklik ola bilər. Zədələr məsələsi də var. Bəzi futbolçuların forması daha yaxşıdır. Hər kəsi görürürük. Bugünkü oyun əlavə şans idi.


– Son 24 saat ərzində sizə qarşı olan tənqidlər oyuna hazırlığa mane olmurdu?


– Diqqəti qorumaq lazım idi. Çox da bu məsələyə köklənmirdik. Tənqidləri normal qarşılayıram. Açıqfikirliyiksə, hər kəs bəyənməyə bilər, hamının öz fikri var. Bu, milli komandadır. Millinin heyəti açıqlananda hərənin öz versiyaları yaranır, normaldır. Bir şeyə əminəm, alnım açıqdır, heç vaxt nəyəsə qərəzli yanaşmıram və yanaşmaram da. Hərdən görünür ki, kimin daxilində nə var, elə fikirləşir.

 

– 6:1 hesabının rekord olacağını bilirdiniz?


– Dünən mətbuat konfransında bildirilmişdi, bilirdik. Yada salınmışdı. Futbolçulara belə tapşırıq verməmişdik ki, rekord olmalıdır. Oyun, temp, hücumlar, qol istəyirdik. Çox qol vurmaq sevindirir.

 

– Bu qələbənin Sumqayıtda qazanılması sizə necə təsir edir? Növbəti rəsmi oyunların burda keçirilməsi təklifi ilə çıxa bilərsiniz?


– Sumqayıt mənimçün doğmadır. 4 ilə yaxın burda işləmişəm. İlklərə imza atmışıq. Milli komandanın oyunlarının bölgələrdə də olmasını istəyirik. Sumqayıt da bu variantlardan biridir.

 

– Növbəti görüş Syerra Leoneyə qarşıdır. Bugünkü performans növbəti rəqibə qarşı planlarda hansısa dəyişikliyə səbəb olacaq?


– İki oyun planımız var idi. Oyundan əvvəl də fasilədən sonra çox dəyişikliyi düşünürdük. Eləməyə də bilərdik. Lakin hesab imkan verdi ki, bu addımı ataq. Bəzi futbolçulara istirahət verdik. Növbəti oyunu fərqli oynamaq istəyirik. Litvanı, Lixtenşteynlə oyunları da düşünürük. Bəzi məsələləri bu oyunlarda görmək istəyirik. Son 15 dəqiqədə fərqli sistemlə oynadıq.