Veteran futbolçu, AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov Sport24.az-a müsahibə verib.

 

- "Qarabağ"ın bugünkü oyunu barədə nə düşünürsüz? Təmsilçimiz İsveç səfərindən qələbə ilə dönə biləcək?
- "Qarabağ"ın qalibiyyət şansı 70-80 faiz civarındadır. Oyun bir neçə amildən asılı olacaq, amma ümumilikdə "Qarabağ" bu qarşılaşmada qalib gəlməlidir. Bunun səbəbi, "Elfsborq"un yalnız iki yoldaşlıq oyunu keçirməsi və İsveç çempionatının artıq başa çatmasıdır. Bu, onların hazırkı vəziyyətini birbaşa təsir edir.

 

- "Qarabağ" və "Elfsborq" arasında ən böyük fərqlər nədir?
- "Qarabağ"ın daha üstün olduğunu düşünürəm. "Elfsborq" İsveç çempionatını 6-cı və ya 7-ci yerdə tamamladı, halbuki "Qarabağ" "Malmö" ilə yüksək performans sərgilədi. Bu da komandaların potensialı arasındakı böyük fərqi göstərir. "Qarabağ"ın səviyyəsi "Elfsborq"u üstələməyə imkan verir. 


- Təmsilçimizin hücum xətti və "Elfsborq"un müdafiəsi haqqında nə deyə bilərsiniz?
- Bu oyunda "Qarabağ"ın hücumçularının fərqlənmək şansı olduqca yüksəkdi. "Elfsborq"un müdafiəsi zəifdir və buna görə də "Qarabağ"ın hücumunu dayandırmaqda çətinlik çəkəcəklər. "Elfsborq"un müdafiə xəttindəki səhvlər "Qarabağ" üçün böyük üstünlükdür.


- Hava şəraiti və meydan amili oyunun nəticəsinə necə təsir göstərə bilər?
- İsveçin soyuq hava şəraiti, oyunçular üçün çətinlik yarada bilər. Amma futbolçular buna tez uyğunlaşır. "Qarabağ" artıq süni meydanlarda da qalib gəldiyini nəzərə alsaq, bu faktorun böyük təsiri olacağını düşünmürəm.


- "Qarabağ"ın qalib gəlməsinə nə mane ola bilər?
- Ən böyük risk, çoxsaylı qol imkanlarını dəyərləndirməməkdir. "Qarabağ" qol imkanlarını düzgün qiymətləndirə bilməzsə və "Elfsborq"ın əks-hücumları ilə təzyiqə məruz qalarsa, məğlubiyyət ehtimalı yaranar. Ancaq mən "Qarabağ"ın yaxşı oyun keçirəcəyinə və qələbə qazanacağına inanıram. Bir qədər əvvəl qeyd etdiyim kimi qalibiyyət şansı 70-80 faizdi, heç-heçə şansı isə yalnız 20 faiz civarındadır.