"Bu turda sürpriz nəticə kimi "Neftçi" - "Kəpəz" oyununu qeyd etmək olar. "Neftçi"nin son dönəmlərdəki nəticələrinə uyğun olaraq bərabərliyi ədalətli nəticə hesab etmək olar". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXXIII turunda keçirilən digər oyunlar barədə fikirlərini bölüşüb:
"Qarabağ" - "Sumqayıt" matçının favoriti meydan sahibləri idi. Meydan sahiblərinin gücü hamıya bəllidir. Ağdamlılar çempionluğu rəsmiləşdiriblər və indi əsas istəkləri ölkə kubokunu qazanmaqdır. Qurban Qurbanov hər matçda komandanın oyun üslubunu daha da yaxşılaşdırılmağı düşünür. Maraqlı görüşlərdən biri "Araz-Naxçıvan" - "Sabah" qarşılaşması idi. "Bayquşlar" qalib gəlsəydi, xal hesabını yaxşılaşdıra bilərdi. Heç-heçə Naxçıvan təmsilçisi üçün daha sərfəli oldu. Bərabər səviyyəli oyun getdi. İlk hissədə "Araz-Naxçıvan", ikinci yarıda "Sabah" daha yaxşı görünürdü".
Əsədov "Turan Tovuz"un "Araz-Naxçıvan"a yaxınlaşmaq şansını əldən verdiyini də vurğulayıb:
"Şamaxı" - "Səbail" oyununa gəldikdə isə, ilk hissədə "Şamaxı" daha üstün görünürdü. Fasilədən sonra "Səbail" hücumlarının kəsərini artıraraq qol vurmağı bacardı. Hətta, son dəqiqələrdəki epizodları dəyərləndirə bilsəydilər, qalib gələ də bilərdilər. "Zirə" - "Turan Tovuz" oyunu qonaqlar üçün daha vacib idi. 3 xal qazansaydılar, "Araz-Naxçıvan"la xal fərqini azalda bilərdilər. Amma "Zirə"nin azlıqda qalmasından da istifadə edə bilmədilər. Qəsəbə təmsilçisi qələbə qazanmaqla "gümüş"ü təmin etdi".