"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib İtaliya nəhəngidir. Onlara 3 xal daha çox lazım idi". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə məğlubiyyətini şərh edib:
"Matçı iki hissəyə bölsək, ilk yarıda həm topa nəzarət, həm də rəqibin meydançasında pressinq edən "Qarabağ" daha yaxşı görünürdü. Fasilədən sonra rəqib tempi artırdı və burda da əsas məqam Kevin Medinanın meydandan çıxması oldu. İstər-istəməz müdafiədə boşluq yarandı, rəqib bundan istifadə etdi. "Qarabağ" məğlub olsa da, layiqli oyun göstərdi. Meydanda elə də böyük fərq görünmürdü. Ümid edirik ki, növbəti oyunlarda təmsilçimiz istədiyi xalları toplayıb pley-offa çıxar".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.