Premyer Liqanın növbəti turunda “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, Azər Bağırovun komandası bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir məşq keçəcək.

“Neftçi” ilə matçın gedişində zədələnən və buna görə də son iki məşqdə iştirak etməyən yarımmüdafiəçi Vadim Abdullayev artıq sıraya dönüb. U-21-in düşərgəsində zədələnən və buna görə də adı "Neftçi" ilə matçın protokoluna daxil edilməyən müdafiəçi Abdulla Rzayevdən də xoş xəbər var. Komandanın həkimi Anar Nəsibov müdafiəçinin bugündən fərdi məşqlərə başlayacağını bildirib.

Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq.

Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də saat 19:30-da "ASCO Arena"daa keçiriləcək. Matç "CBC Sport"la canlı yayımlanacaq.