"Neftçi" və Moskva "Dinamo"sunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz "9 nömrə" Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turnirinə start verilib. Sport24.az xəbər verir ki, 2015-ci il təvəllüdlü futbolçular arasında "Palms Sports" Futbol Mərkəzində keçirilən turnirin ilk günündə 8 oyun baş tutub.

 

B qrupunda yer alan "Neftçi" əvvəlcə Voronej "Dinamo"su ilə qarşılaşıb. Komanda Salman Səlimovun vurduğu qolla hesabı açsa da, sonda məğlub olub – 1:6. "Ağ-qaralar" günün ikinci matçında "Qarabağ"a 1:4 hesabı ilə uduzub. "Neftçi"nin heyətində yenə Salman Səlimov fərqlənib.

 

B qrupunda digər oyunlar belə nəticələnib:

"Qarabağ" – "Göztəpə" 5:5

"Göztəpə" – "Dinamo" (Voronej) 0:6

 

A qrupunun ilk oyunlarında Moskva "Dinamo"su "Kayrat"a 1:0, "Beşiktaş" isə "Ulduz"a 3:1 hesabı ilə qalib gəlib. İkinci matçlarda "Kayrat" "Ulduz" üzərində 2:1 hesablı qələbə qazanıb, "Beşiktaş"la "Dinamo" isə xalları yarı bölüblər – 1:1.

 

A qrupunda 2 oyundan 4 xal toplayan "Beşiktaş" və "Dinamo" (Moskva) 1-2-ci yerləri bölüşürlər. "Kayrat" 3 xalla 3-cü, xalsız qalan "Ulduz" sonuncudur.

 

B qrupunda maksimum nəticə göstərən "Dinamo" (Voronej) 6 xalla liderdir. "Qarabağ" 4 xalla 2-ci, "Göztəpə" 1 xalla 3-cü, "Neftçi" 0 xalla 4-cüdür.

"

Ağ-qaralar" sabah qrupdakı son matçını "Göztəpə"yə qarşı keçirəcək. Bundan başqa, "Dinamo" (Voronej) "Qarabağ"la, "Dinamo" (Moskva) "Ulduz"la, "Kayrat" isə "Beşiktaş"la yarışacaq.

 

Daha sonra A qrupunun qalibi B qrupunun 2-cisi ilə, B qrupunun qalibi isə A qrupunun 2-cisi ilə qarşılaşacaq. Qruplarda 3-cü və 4-cü yeri tutanlar da eyni qaydada mübarizə aparacaqlar.

 

Turnirin sonuncu günü – martın 21-də 7-ci, 5-ci, 3-cü yerlər uğrunda oyunlar və final matçı keçiriləcək. Həlledici görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

 

Qeyd edək ki, "Bakı Kuboku" beynəlxalq turniri "Neftçi TV" vasitəsilə canlı yayımlanır.