"Səbail" Premyer Liqamızın son turunda ən inamlı qələbə qazanan komanda oldu. Özü də bu, əsas heyət üzvü sayılmayan hücumçusu Amil Yunanovun dublu sayəsində reallaşdı. Amil Sport24.az-a müsahibəsində həm "Sabah"ı evdə 2:0 hesabıyla məğlub etdikləri matç, həm də "ASCO Arena"nın ona düşərli olması haqda danışıb. 

- Bu matçın həm komandan, həm də özün üçün uğurlu olacağını nə dərəcədə gözləyirdin?

- Evdə oynayırdıq, qələbə qazanmalı idik. Həqiqətən çətin qarşılaşma idi. "Sabah"la da xala görə yaxın idik və buna görə onunla görüşdə 3 xal bizim üçün çox vacib idi. Şükür Allaha ki, buna nail olduq. Ancaq çox stressli bir oyun oldu. 

- Əsas hücumçunuz Rauf Əliyevin yoxluğunu hiss etdirməyərək, qələbədə əsas pay sahibi oldun...

- Rauf 4-cü sarı vərəqəsini aldığından cəzalı idi. Buna görə də baş məşqçimiz mənə şans verdi. Çalışdım ki, bunun qarşılığını meydanda yaxşı oyunumla verim. Sevinirəm ki, vurduğum qollar komandamıza qələbə gətirdi.

- "Sumqayıt"la Kubokda səfər matçında da əsas heyətdə Əliyev yox, sən idin və komandana qələbə qazandırdın. Ancaq növbəti qarşılaşmada baş məşqçiniz Aftandil Hacıyev yenə Raufa şans verdi. Necə düşünürsən, bu dəfə də belə olacaq?

- Bilmirəm, bu, baş məşqçimizin qərarıdı. O, necə mərhələt görsə, elə də olacaq. Əlbəttə, yenə şans versə, çalışacam ki, komandam üçün əlimdən gələni edim. 

- Yaxşı, sualı belə qoyaq - yenə ehtiyatda qalsan, bu, səndə ruh düşkünlüyü yaratmayacaq? Axı, futbolçu, idmançı mübariz, iddialı olmalıdı...

-  Başa düşürən nə demək istəyirsiniz. Çalışacam ki, ruhdan da düşməyim. Baş məşqçi mənə nə vaxt şans versə, əlimdən gələnin ən yaxşısı edəcəm. Onun qərarı məndə heç bir ruh düşkünlüyü yarada bilməz. 

- Start heyətində çox az çıxmısan, ancaq demək olar hamısında meydanı qolla tərk etmisən. Bu, nəyin göstəricisidi?

- Səhv etmirəmsə, 4 oyunda start heyətində çıxmışam, 5 qol vurmuşam. Bilirsiniz, ilk dəqiqələrdən meydana girəndə, oyunun tempini tuta bilirsən. Həqiqətən belədi, çox futbolçudan soruşsan, bu reallığı deyər. Ancaq sonradan oyuna daxil olmaq adama həqiqətən çətinlik yaradır. Düzdür, bu, o demək deyil ki, o zaman fərqlənməməlisən. Ancaq hardasa çətinlik yaranır, ola bilər ki, oyunu tempini tuta bilməzsən. Startda isə bu cəhətdən rahat olursan. Bəli, o da var ki, daha çox keçmiş komandalarıma qol vurmuşam. Ancaq burda xüsusi bir şey yoxdu. Yəqin ki, belə alınır. 

- Maraqlıdı, sonuncu dublunu xatırlayırsan?

- Bəli, "Keşlə"də "Sumqayıt"a.  Hətta 1 qol da vurmuşdum, sadəcə, hakim ofsayd sayaraq hesaba almadı. O oyunu da yaxşı keçirmişdim. Yadımdadı, rəqib qapıçıya da qırmızı vərəqə aldırmışdım. Yeri gəlmişkən, bu görüş də Bayılda olmuşdu. Onda deyəsən, "Sumqayıt"ın stadionunda təmir gedirdi, bizi orda qəbul edirdi. Düzdür, hücumçu üçün uzun müddət dubl edə bilməmək yaxşı bir şey deyil. Ancaq neyləmək olar...

- "Səbail"də də qollarının çoxunu Bayılda vurmusan. Sintetik qazon da olsa, bu, stadion sənə düşərlidi...

- Futbolçular üçün hardasa xırda da olsa, elə amillər var ki, stadionun düşərli olub-olmamağını adam özündə hiss edir. Həqiqətən xoşladığım stadionlardandı, çünki o vaxt I liqada "Rəvan"da orda oynamışam. 20 yaşım vardı, çox fərqlənmişəm bu arenada. "Sumqayıt"da çıxış edəndə, "Səbail"ə də Bayılda qol vurmuşam. Ancaq stadionun çox da rolu yoxdu, bu, sadəcə, bir düşüncədi fartla bağlı. 

- Özünü turun qəhrəmanı sayırsan?

- Turda komandalar üçün vacib qol vuraraq nəticə qazandıran futbolçular oldu - Emin Mahmudov, Davit Volkov. Qəhrəmanlığa gəlincə, həqiqətən belə şeylərdən uzağam. Bu, təvazökarlıqdan uzaq olar. Onu azarkeşlər, siz jurnalistlər desəniz, daha yaxşı olar. Elə şeyi sevmirəm deyim ki, özümü qəhrəman sayıram. Bəli, onu deyə bilərəm ki, özümə inanıram, bu qollar mənə inam gətirir. 

- Bəs, Amil Yunanov turu qəhrəmanı kimi sayardı?

- Düzünə qalsa, Emin Mahmudovu. Kişi çıxdı 90+4-cü dəqiqədə qələbə topunu vurdu, çempionluq yolunda vacib 3 xal qazandırdı komandasına. 

 

 

MEHMAN SÜLEYMANOV