Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev çıxış etdiyi "Qarabağ"ın avrokuboklardakı böyük hədəfləri barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 29 yaşlı futbolçu "Championat"a müsahibə verib.

 

İsayev "Qarabağ"ın qarşısına daim UEFA Çempionlar Liqasının əsas mərhələsinə düşmək vəzifəsi qoyulduğunu deyir: "Biz bu istiqamətdə addım-addım irəliləyirik. Komandamız yaxşı, bir-birinə bağlı kollektivdir, peşəkar oyunçular və əla məşqçi heyətimiz var. Düşünürəm ki, biz o səviyyəyə layiqik.

 

Budapeştdəki oyunu evdə, Bakıda izlədim. Qapımızdan top buraxanda, təbii ki, narahatlıq yarandı. Amma komandaya inanırdım və indi də inanıram. Oyundan əvvəl də demişdim ki, bu gün qalib gələcəyik və uşaqlar işlərini əla şəkildə gördülər. Amma arxayınlaşmaq olmaz. Heç nə bitməyib. Cavab oyunu daha çətin olacaq və buna tam hazır olmalıyıq.

 

Təzyiq yoxdur, amma insanlar ümid edir, inanır və səbirsizliklə gözləyir. Biz onları məyus etməməliyik. Məqsədimizə çatmalıyıq".

 

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə Macarıstanın "Ferentsvaroş" klubunu 3:1 hesabı ilə məğlub edib. Cavab oyunu bu gün Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq.