"Maddi çətinliyimiz qalmaqdadı. Son günlərdə bir-iki nəfər kiçik məbləğdə dəstək oldu. Deyim ki, super dəstək idi - yox, belə deyildi. Həmin məbləğ də 1-2 dəfə xərclik oldu". Bu fikirləri Sport24.az-a açıqlamasında Region Liqası təmsilçisi "Ağsu Siti"nin baş məşqçisi Samir İsayev deyib.

Nəinki çıxış etdiyi Mərkəz zonasında, ümumiyyətlə, yarışda çempionluğa əsas favoritlərdən sayılan Ağsu təmsilçisi maddi sarıdan sıxıntılı günlər yaşayır. İsayev bu sarıdan problemlərinin ciddi olduğunu, dağılmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını gizlətməyib: "Hər oyun bir az o-bu dəstək olur - belə komandanı saxlayırıq. Bir nəfər dəstəyini çəkən kimi vəziyyətimiz çətinləşir. Heç onlar demir dəstək olaq, özümüz müraciət edirik ki, belə sıxıntımız var. Bunun qarşlığında az bir məbləğdə maddi kömək edirlər".

Gənc mütəxəssis ən son olaraq adının çəkilməsini istəməyən ağsulu iş adamının komandaya kömək etdiyini diqqətimizə çatdrııb: "Adının çəkilməsini özü istəmədi həmin şəxs. 2 min manatdan çox kömək elədi son oyunda. Futbolçularımıza idman geyimləri, ayaqqabıları aldı".

"Ağsu" Siti" son 3 matçı evdə keçirib və hamısını heç-heçə başa vuraraq 6 xal itirib. Baş məşqçi bunu komandada məhz maddi problemlərə görə yaranan ruh düşkünlüyü ilə əlaqələndirir: "Birincisi, futbolçulara ödəniş edə bilmirik. İkincisi, onları oyunlara vaxtında gətirə bilmirik. "Füzuli" ilə matç gecəsi hansı otelə müraciət elədik, hamısı bizi çölə atdılar. Nağd pul istəyirdilər, biz isə deyirdik ki, hissə-hissə ödəyək, qalanını sonra verərik. Ancaq heç kəs bunu qəbul eləmədi. Yekunda uşaqları soyuq bir yerdə, kiçik bir otaqda yatızdırmışıq. İndi də oyundan qabaq gətirə bilmirik futbolçuları, çünki qalmağa şəraitmiz, imkanımız yoxdu. Matç günü gəlirlər, yorğun olurlar, isinmə hərəkətlərinə çıxa bilmirlər. Bir sözlə, problemlərimiz çoxdu, saydıqca bitmir. Ancaq inşallah, düzəlmək üzrəyik. Allahın köməyilə vəziyyətimizi qrupda da düzəldəcəyik. belə də".

Maraqlıdı, qış fasiləsində komandaya stabil kömək edən sponsor tapıla bilərmi? İsayev də buna ümidlidi: "Ümid edirik ki, kimsə bizə kömək edəcək. Belə bir şey edirik - rayon rəhbərliyinə, iş adamlarına, tanınmış şəxslərə, böyük marketlərə müraciət edirik ki, satışa bilet çıxarmışıq. Onsuz da oyunumuza giriş pulsuzdu. Uşaqlar üçün əyləncə proqramı təşkil edirik. Rayondakı idarələrə, iş adamlarına müraciət edirik ki, heç olmasa sizin adınızdan bilet paylayaq. Onsuz da stadiona gələnə demirik ki, pul ver, sonra gir. 300-500 manat da belə yığılır. Bunu da yeməyə, futboçulara ödəniş kimi veririk".

Xatırladaq ki, "Ağsu Siti" 4 oyundan 6 xalla turnir cədvəlində 3-cü pillədə yer alıb.

 

 

MEHMAN SÜLEYMANOV