“Sumqayıt” yenə də adından söz etdirdi. Ayxan Abbasovun komandası qış fasiləsi başa çatdıqdan sonra bütün məqsədlərini həyata keçirir.

İlk dövrədə möhtəşəm nəticəyə imza atan “kimyaçılar” daha sonra gözlənilmədən “qara zolağ”a düşdülər. İlk turda evdə “Keşlə”yə son dəqiqə qolu ilə boyun əyən sumqayıtlılar 1-ci dövrədə məğlubiyyətin nə olduğunu bir daha bilmədilər. İlk dövrənin yekunlarına görə, 14 xalla liderliyə yüksələn ötən günün qəhrəmanları, növbəti 6 turda qələbə sevinci dadmadı. Dərhal da “ekspertlər” ötən il Avrokuboklarda debüt edən komandanın özünə gələ bilməyəcəyinə dair proqnozlar verməyə başladı. Əslində isə “Sumqayıt”ın geriləməsi həm gözlənilən idi, həm də qaçılmaz oldu.

Maliyyəsi məhdud olan klubun cəmi 1 hücumçusu var. İnsafən, Əli Qurbani yetərincə keyfiyyətli forvarddı. Amma ilk dövrənin sonunda aldığı zədə “şəhərlilər”i pis vəziyyətdə qoydu. Bəli, Ayxan Abbasov əsas “qol silahı”nın yoxluğunu hiss etdirməmək üçün hücumçu mövqeyində yarımmüdafiəçilərdən istifadə etməyə çalışdı. Lakin Əlisiz “Sumqayıt” mühərriki sönmüş avtomobili xatırladırdı.

Bu azmış kimi, gənc Süleyman Əhmədov da U-21 yığmamızın sıralarından zədəli qayıtdı. Nəzərə alsaq ki, “Gənclik şəhəri” təmsilçisinin heyəti onsuz da kasaddı, hər bir itki özünü göstərirdi. Nəhayət, “Qəbələ”ylə oyun öncəsi “kimyaçılar” daha 3 əsas futbolçusunu itirdi: Mehdi  Cənnətov, Vüqar Mustafayev və Elvin Bədəlov oyuna 1 gün  qalmış qızdırdılar. Koronavirus üçün verdikləri testin cavabı da müsbət çıxınca, məşqçilər korpusu oyun günü 1 həftə hazırlaşdığı heyətin 30 faizini dəyişməli oldu. Nəticədə, ev məğlubiyyəti.

Ardınca isə “Sumqayıt”ın ümumilikdə 16 futbolçusu koronavirusa yoluxdu. Pandemiya səbəbindən çempionatda 2 həftəlik fasilə yarandıqdan sonra isə 5 günlük hazırlıq bərpa üçün kifayət edə bilməzdi. Xəstəlikdən dönən futbolçuların orqanizmi yüklənməyə necə tab gətirəydi?!

Nəhayət, qış fasiləsindən sonrakı dönəm. Abbasovun komandası əvvəlcə, çempionat qarşılaşmasında “Keşlə”ni məğlub etdi və 2-ci dövrədə ilk və yeganə qələbəsini qazandı. Ardınca “kimyaçılar” ölkə Kubokunun 1/4 finalında “Səbail”lə matçlarda qarşıya qoyulan məqsədə çatdılar: evdə alınan 0:1 hesablı məğlubiyyətin əvəzi səfərdə daha çox qol vurmaqla çıxıldı (2:1). Elə çempionatın 15-ci turunda da “Sumqayıt” “dənizçilər”dən üstün olaraq qitəqmiqyaslı yarışlara vəsiqə verən 3-cü pillə uğrunda mübarizədən qopmadıqlarını nümayiş etdirdi. Dünən isə...

Əlbəttə, “Qarabağ” üstün idi. Əlbəttə, bu cür matçlarda “futbol bəxti” tərəfində olmalıdı. Amma bu cür səviyyə fərqini bir tək bəxtin ayağına yazmaq ən azından qeyri-peşekarlıq olar. Meydan sahibləri 0:0-ı dişləri, dırnaqları ilə qazandılar və 1 xalı ortaya inanılmaz əzmkarlıq qoyaraq, haqq etdilər.

Uzun illər “Sumqayıt” üst sıralarda qərarlaşan ölkə klublarına cırtdan baxışlarla həsəd aparıb, yalnız ara-sıra sensasiyalı nəticələrə imza atmaqla təsəlli tapırdı. İndi isə büdcəsinə görə Premyer Liqanın ən “incəbel”lərindən biri “ağsaqqallar şurası”nın ən gənc üzvünə çevrilmək astanasındadır. Unutmayaq, 2 il əvvəl “Gənclik şəhəri” təmsilçisi Kubokun finalına yüksəlməklə, klub tarixində ilkə imza atdı və Avropa Liqasının bir addımlığında dayandı. Ötən mövsüm 4-cü olmaqla daha bir tarixi uğur - “Sumqayıt” ilk dəfə Avropa Liqasında çıxış etmək hüququ qazandı. Bu il də Ayxan Abbasovun komandası həm çempionatda, həm də Kubokda iddiasını davam etdirir. Ardıcıl 3 mövsüm stabil çıxış etməklə “kimyaçılar” əksər klublarımıza örnək olmağı da bacarıb. Bu müddət kəsiyində komandada baş məşqçi Ayxan Abbasov olub.  Həmin Abbasov ki, Kubokun finalında sonra komandadan ayrılacağını, başa çatan müqaviləsini yeniləməyəcəyini bildirsə də, klub prezidenti Riad Rəfiyev onu fikrindən daşındırmağı bacardı. Zaman da göstərdi ki, gənc funksioner bu mütəxəssisə güvənməklə ən düzgün addımı atıb. Məhz bu işbirliyi stabil çıxışın başlıca səbəbidir.

İndi “Sumqayıt”a daha üst sıralara boylanmaq üçün daha bir əhəmiyyətli addım atmaq lazımdı. Bu da hər mövsümün sonu yaşanan “yarpaq tökümü”ndən qurtulmaqdı. Bacarsalar, qarşıdakı illərdə daha əzəmətli, daha möhtəşəm, daha stabil