Premyer Liqamızın XIII turunu 5 nəfər cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, bunlardan 4-ü futbolçu, 1-i məşqçidi.

Həmin məşqçi "Səbail"in çalışdırıcısı Aftandil Hacıyevdi ki, həm onunla, həm də fransalı legioneri Nikolas Raysellə bağlı klubun verdiyi apellyasiya şikayəti təmin edilmədiyindən cəzaları qüvvədə qaldı. Deməli, Hacıyevin diskvalifikası qış fasiləsinədək qaldığından, III dövrədə "texniki zona"ya qayıda biləcək. Rayselin cəzası isə bu tur bitdiyindən, ilin son matçında komandasına kömək edə biləcək. Bu tur isə "Səbail" "Keşlə" səfərinə yollanır. 

Elə "Sumqayıt"ın yarımmüdafiəçisi Murad Xaçayevin də cəzası bu tur başa çatır. Bu, "Neftçi"ylə səfər görüşü olacaq 

Digər cəzalı 2 futbolçu isə vərəqə limitini aşanlardı. Belə ki, həm "Neftçi"nin müdafiəçisi Mert Çelik, həm də "Qəbələ"nin xorvatiyalı yarımmüdafiəçisi Stefan Vukçeviç cari çempionatda 4-cü sarı vərəqələrini aldıqlarından cəzalı duruma düşüblər. Özü də maraqlıdı ki, Vukçeviç 2-ci dövrədə 2-ci dəfədi cəzalı olur. Məsələ ondadı ki, o, bu dövrənin startında "Keşlə"ylə səfər matçında 2 sarı vərəqəyə görə meydandan çıxarıldığından, 1 oyunluq cəzalanmışdı. Onda "Sabah"la ev oyununu kənardan izləyən Stefan bu dəfə "Zirə"ylə vacib səfər matçında meydana çıxa bilməyəcək.