"Bu mövsüm kifayət qədər hakim səhvləri olub. Əvvəllər hakimlər fiziki baxımdan özləri hazırlaşır, maaşla bağlı çətinlik çəkirdilər. İndi isə AFFA bütün lazımi şəraiti yaradıb. Hətta, fitness məşqçisi də var, qonorarları da vaxtında verilir". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş "Zirə" – "Neftçi" qarşılaşmasında yaşanan hakim səhvindən danışıb, ədalət təmsilçilərinin cari mövsümdə performansına toxunub:
"Hakim səhv edə bilər, o da insandır. Əsas odur ki, qərəz olmasın. Səhvdən səhvə də fərq var: bu, meydanın mərkəzində, aut və ya küncdən zərbə epizodunda baş verə bilər. Lakin ofsayt kimi hallarda VAR müdaxilə edə bilir və bu cür hallarda səhvlər minimuma endirilməlidir. Bu səhvlər təkcə "Neftçi"yə qarşı olmur. Flaqmanı çox istəyirik, bu, bizim tariximizdir. İstəyirik ki, hər mövsüm avrokuboklarda çıxış etsin. Bunu səmimi deyirəm. Avropada oynamaq üçün isə Azərbaycan çempionatında layiqli yer tutmaq lazımdır. Ölkəmizdə ən yaxşı şərait "Neftçi"dədir. Baza, meydança var. norman heyət formalaşıb. Qalır yaxşı oynamaq. Demək olar ki, hər tur hakim səhvi olur. Qarşıda 6 tur var və "Neftçi" öz oyunu ilə hamıya cavab verməlidir".
Qeyd edək ki, Sözügedən matçda "Neftçi" 1:0 öndə olsa da, 90+5-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib. "Neftçi" tərəfi və azarkeşlər "Zirə"nin cavab qolunda qayda pozuntusu olduğunu bildirərək hakimə etiraz edib.
Nəticədə hakimin qərarına etiraz edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub, köməkçisi Dmitro Kara Mustafa qarşısında qırmızı vərəqə görüb.