"Milliyə futbolçular klublardan gəlir. Əsas yığmanın oyunçuları komandalarında oynayırlar, U-21-də isə yox. Estoniya və Slovakiya ilə oyunlara baxdım. Əvvəlki səhvlər yenə var. Bu da klublardan gəlir". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

 

Təcrübəli mütəxəssis milli komandamızın Estoniya və Slovakiyaya qarşı məğlubiyyəti haqda danışıb:

 

"Millətlər Liqası Fernandu Santuş üçün heyəti tanımaq üçün fürsət idi. Millinin oyununda problem var. Elə səhvlər buraxırlar ki, qapımızda qollar görürük. Slovakiya ilə oyunda qırmızı vərəqə alana qədər normal futbol oynayırdıq. Qalib gələ bilərdik, Mahir Emrelinin qovulmasından sonra hər şey dəyişdi. Yeni baş məşqçi üçün 4 oyun normaldı. Bundan sonra isə hər oyuna görə izahat verməlidir. Estoniyaya uduzmaq acınacaqlıdır. Sistemli iş görmək lazımdır. Futbolçular dərk etməlidir ki, millinin şərəfini qoruyurlar. U-21-nən Şimali İrlandiya səfərində idim. Himn səslənəndə azarkeşlər futbolçularla birlikdə oxuyurdular. Həmçini futbolçularımız xalqımıza, himnimizə, bayrağımıza görə oynayıb, qalib gəlməlidirlər".