Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində evdə “Zirə”ylə qolsuz bərabərliyə qalan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Fasilədən sonra bilirdik ki, çempionata köklənmək futbolçulara çətin olacaq. Bu gün bir sıra oyunçumuz müxtəlif səbəblərdən oyunda iştirak edə bilmirdi. Hendrik Ekşteyn, Əfran İsmayılov və Ruslan Hacıyevin yoxluğunu daha çox hiss edirdik. İlk hissədə bunu daha çox hiss etdik. "Zirə" fərqli sistemlərlə oynayır. İlk 20-25 dəqiqədən sonra rəqibin oyununa öyrəşdik. Ancaq qonaqlar ilk yarıda daha üstün idilər. Fasilədən sonra qol epizodlarımız artdı. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Ümumən futbolçularımın oyunundan və işə yanaşmasından razı qaldım. Bu il fərqli “Zirə” görürük. Hesab edirəm ki, 1 xal qazandıq.

 

- “Səbail”, “Zirə” səviyyəsində komanda sayının 12-yə çatdırılması üçün ölkədə futbolçumuz yetərincədirmi?

- Bu gün biz ən az büdcəylə mübarizə aparırıqsa, yəqin ki, mümkündü. Hesab edirəm ki, say artacağı təqdirdə yeni komandaların bölgələri təmsil etməsi daha yaxşı olar.

 

 

CEYHUN ƏLİYEV