"Yenidən Bakıya gəldiyimiz üçün xoşbəxtik. Qrup qalibi olsaq da, oyuna ciddi hazırlaşmışıq". Sport24.az xəbər verir ki  bunu Qazaxıstan yığmasının baş məşqçisi Maqomed Adiyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqibin potensialına yaxşı bələd olduqlarını bildirib: "Oyunun gedişatını öz xeyrimizə dəyişməyə çalışacağıq".

Rusiyalı baş məşqçi bu görüşdə gənc futbolçulara da şans verəcəyini istisna etməyib: "Qapıçı İqor Şatski 100 faiz meydanda olacaq. Bugünkü məşqdən sonra kimlərin start heyətində olacağını dəqiqləşdirəcəyik".

Onun sözlərinə görə, bütün yığmalarda yüksəlişlə yanaşı, eniş də olur: "Bu, bizə də aiddir. Sadəcə, biz aşağıdan yuxarıya doğru qalxdıq. Bizi ölkəmiz, azarkeşlərimiz dəstəkləyir. Futbolumuz bu yerdə olduğu üçün sevinirik".

Mütəxəssis 6 ildir Qazaxıstana qalib gələ bilməyən Azərbaycan millisinin qisas arzusunda olmasının təqdirəlayiq olduğunu vurğulayıb: "Hər komanda belə düşünməlidir. Biz də meydana çıxanda bunu etmək istəyirik. Hər şey sabah meydanda bəlli olacaq". 

Adıyev Azərbaycan yığmasının Slovakiyaya qalib gəldiyi matçı izlədiyini bildirib: "Həmin görüşü Azərbaycanın aktivinə yazmaq olar. Komandanız çox yaxşı təsir bağışladı. Əvvəlki qarşılaşmalarla müqayisədə oyun sxemində fərqlilik var. Azərbaycan yığması son görüşdə komanda şəklində oynadı. Məhz bunun sayəsində qələbə qazandı. Bizimlə ilk matçda isə müəyyən çatışmazlıqlar var idi".

O, Astanadakı matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi haqqında səsləndirdiyi fikirlərə də aydınlıq gətirib: "Onun çox danışmaq əvəzinə işləməli olduğunu deməmişəm. Bu, hörmətsizlik olardı. Əksinə, De Byazi görüşdən öncə və sonra mən və futbolçularıma hörmətsizlik edib. Mən də bunun qarşılığında bu cür ifadə işlətmişəm".