"Qarabağ"ın kapitanı Abdullah Zubir Almaniyanın "Ayntraxt" komandasına qalib gəldikləri (3:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sport24.az həmin müsahibəni təqdim edir…

- Qitənin bir nömrəli klub turnirində uğurlu çıxışınızı davam etdirirsiniz. Təəssüratlarınız necədir?
– Biz çox xoşbəxtik və gördüyümüz işlə fəxr edirik. Matç çox çətin keçdi. Çox tez qol vurduq. Sonra oyunun gedişi dəyişdi, iki qol buraxdıq, amma təslim olmadıq. Davamlı təzyiq göstərdik və son dəqiqədə Bəhlul qol vurdu. Bu, inanılmaz idi. İndi hamımız çox sevincliyik. Böyük oyun idi və biz bunu qeyd edirik. Üstəlik, 10 xal topladıq. Bu, bizim üçün möhtəşəmdir. İndi bir oyunumuz da qalıb və pley-offa yüksəlmək üçün hər şeyi edəcəyik.

– Xüsusilə görüşün sonlarında geridönüş etdiniz Bu barədə nə deyə bilərsən?
– Bu, sadəcə inanılmazdır. Elə bir hissdir ki, düşünürəm, bunu çox futbolçu yaşamır. Azarkeşlər üçün də möhtəşəm gecə idi. Açığı, meydanda olanda belə qol vurduğumuza inana bilmirdim. İndi isə çox xoşbəxtik və komandamızla qürur duyuruq.

– Daha əvvəl "Ayaks"a uduzmuşdunuz. Növbəti oyun isə "Liverpul"a qarşı olacaq və matç "Enfild"də keçiriləcək. Sizcə, bu qələbə "Liverpul" oyunu öncəsi sizə əlavə motivasiya verəcək?
– "Liverpul"un necə komanda olduğunu hamı bilir. Çox güclüdürlər. Biz ora gedəcəyik və öz futbolumuzu oynamağa çalışacağıq. Sonra isə nəticəyə baxacağıq.

– Azarkeşlərə nə demək istərdiniz?
– Hər şey üçün təşəkkür edirəm. Hər kəsə – həm sizə, həm də bizə – ən yaxşısını arzulayıram. Hamı xoşbəxt və sağlam olsun.

– Öz oyunundan necə razı qaldın?
– Çox çətin oyun idi. Rəqib bizi ciddi şəkildə sıxışdırdı. Mən də bacardığım qədər ən yaxşısını verməyə çalışdım. Nəticədə qalib gəldik və sevincliyik. Baklo üçün də çox şadam. O, çox zəhmətkeşdir, müdafiəçidir, amma hücumçu kimi qol vurdu. Bu, inanılmazdır. O, mənim dostumdur və buna tam layiqdir.

– Hazırda Çempionlar Liqasında 10 xala maliksiniz. Son turda "Liverpul"la oynayacaqsınız. Bu, sizin və komandanız üçün üstünlükdür, yoxsa əksinə?
– Məncə, 10 xal toplamaq inanılmazdır. Əgər altı ay əvvəl bizə desəydilər ki, bu mərhələdə 10 xalımız olacaq, buna inanmazdınız. Amma bu gün 10 xalıq nəticəmiz var və düşünürəm ki, buna layiqik. Qarşıda bir oyun qalıb – çox çətin matç. Çempionlar Liqasını qazanmış, böyük təcrübəyə malik komanda ilə səfərdə oynayacağıq. Amma bizim üçün əsas odur ki, ora gedib bu gün olduğu kimi sona qədər mübarizə aparaq və keyfiyyətimizi ortaya qoyaq. Son hesablamanı isə axırda edəcəyik.

– Sizcə, komandanız Çempionlar Liqasında pley-off mərhələsinə yüksələ bilər?
– Biz rəqabət aparan komandayıq və inanırıq ki, mərhələ keçə bilərik. Oyunların necə getdiyini görürsünüz: "Benfika" bu gün son dəqiqədə qol vurdu, "Çelsi" son anda heç-heçə etdi. Hər şey çox maraqlıdır. Ona görə də indi sevinirik və bu anın dadını çıxarmalıyıq.