"Əlbəttə, qələbə qazanmaq xoşdu. Çünki istəyirdik ki, çempionatın sonunadək şansımız qalsın, mübarizəni aparaq. Amma bu gün futbolçularım həqiqətən böyük xarakter göstərdilər. Çünki çox yorğun qrafikdə oynayırdılar". Sport24.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXVI turunda "Keşlə"yə səfərdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirdiyi mətbuat konfrasında söyləyib.

Gənc mütəxəssis bu görüşün xarakter oyunu olduğunu matçdan əvvəl bildirdiyini diqqətə çatdırıb: "Hansı komanda çox istəsə, xarakter göstərsə, o da qalib gələcəkdi. Əlbəttə, diqqətli oynadıq taktiki cəhətdən. Futbolçularımı təbrik edirəm. Çalışdılar ki, düzgün oynasınlar. Bəlkə də 1 qol oyunun taleyini həll edəcəkdi. Matçın əvvəlində bizdə də epizodlar oldu, rəqibdə də. Görüşün bəzi vaxtlarında sürət qalxırdı, bəzi vaxtlarında isə yenirdi. Bu da normal idi. Həm "Keşlə", həm də biz Kubokda oynamışıq. Həftələr keçsə də, bədəndə o yorğunluq qalıb. Bundan sonra vaxtımız var. Hardasa 6 gündən sonra qarşılaşmamız var. Futbolçular istirahət edə biləcəklər. Bildiyiniz kimi, bəzi oyunçularımız cəza və zədə səbəbindən çıxış etmirdilər. İnşallah, ümid edirəm ki, onlar da qayıdacaq. Çempionatın sonunadək çalışacağıq ki, mübarizədən qopmayaq. Demişəm ki, bu mövsüm futbolçularımız ilk turdan bu günədək layiqdirlər uğura. Amma qismət var, inşallah, xeyirlisi. İnanıram ki, mövsümün sonunda sevinən biz olacağıq".

Abbasovun uğurlu əvəzləməsi qələbədə böyük rol oynadı. Belə ki, sağ cinah müdafiəçisi mövqeyinə çıxan Cabir Əmirli az sonra penaltini qazandı. Bunu da Rəhim Sadıxov qola çevirdi. Yəni, bu matçın taleyinin baş məşqçinin intuisiyası həll etdi. Abbasov bununla bağlı sualı belə cavablandırıb: "Cabir keçən qarşılaşmada da oynamışdı, bəzi rotasiyalar etmişdik. Oyun elə axarda gedirdi ki, gördüyünüz kimi, rəqib sol tərəfdən çox gəlirdi. Sağ cinah müdafiəçimiz Süleyman Əhmədov yorulmuşdu. Həm rəqib üzərimizə gəlirdi, həm də o cinah çox boş idi. Xatırlayırsınız, Rəhim iki dəfə təkbətək çıxdı, ikisində də qapıçı yaxşı oynadı. Əlbəttə, gözləyirdik ki, Cabir o sürətiylə həmin cinahda nəsə təhlükə yarada bilər. O, həqiqətən bunu reallaşdırdı - bir qapıya zərbə, bir 11 metrlik folu. Tam fikirləşmişdik ki, Əmirli çıxıb penalti qazanacaq - bu, yalan olar. Amma sağlam düşüncəylə fikriləşirdik ki, matçın nəticəsinə təsir göstərən hərəkətlər edə bilər".

 

 

MEHMAN SÜLEYMANOV