"Sumqayıt" Samir Abasovu qaytarmaqla baş məşqçi məsələsini həll etdi. 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Premyer Liqamızda ilk klubu "Sumqayıt" olan, 2015-18-ci illərdə onu çalışdırmış Abasov təyinatından sonra Sport24.az-ın suallarını cavablandırıb.  

- "Sumqayıt"a qayıtmaq necə bir hissdi? Necə razılaşdınız?

- Oturduq, danışdıq. Bu, bir günə baş tutmadı, bir neçə gün çəkdi. Sonda ortaq məxrəcə gəldik. Hamısında necə, məndə də elə. Qeyri-adi bir şey olmadı. Bir sözlə, razıaşdıq. 

- Eləsə əsas məqam nə oldu ki, razılaşdınız?

- Əsas məqam hər iki tərəfi razı salan şərtlər oldu - həm məni, həm klubu. Bu yöndə bir az yubanmalarımız vardı. İkimiz də bir-birmizə güzəştlər elədik - klub olaraq baş məşqçiyə, baş məşqçi olaraq kluba. Yekunda sözümüz bir gəldi, vəssalam! Müqavilə imzaladıq.

- Şərtləri detalları deməsəniz də, əsas hansı oldu ki, hər iki tərəfi razı saldı?

- Şərtlər deyəndə, bugünləri müqavilə imzalamamışdan əvvəl normal bir şeydi ki, hərəsi öz marağını güdür. Hərəsi də öz marağı yaxşı olsa, ona nail olmaq istəyir. Bundan sonra oturub danışandan sonra baxırsan ki, sən nələrsi edə bilərsən, klub öz imkanlarını araşdırır. Fərqi yoxdu, mən olmuram, başqası yerli, gəlmə olsun - nələr edə bilər. Bundan sonra razılaşırsan. Bu gün məhz nəyin üzərində durduq, onu deməyəcəm. Çox ətraflı da inanın Allaha, məni başa düşərsən, bu gün danışmaq istəmirəm. Yorulmuşam, həddindən artıq yorulmuşam.

- Klub prezidenti Riad Rəfiyev sizdə hansı təəsüürat oyatdı?

- Riad müəllimi bundan əvvəl də tanıyırdım. Çünki "Sumqayıt"da axır dövlərdə bir yerdə işləmək imkanımız oldu. Bu klubdan çıxandan sonra da bir neçə dəfə oyunlara baxa-baxa söhbətlərimiz olub. Onu bir insan, necə iş qura biləcək bir insan kimi çox yaxşı tanıyıram. Yəni, bir gün ərzində oturduq, ondan sonra təəssürat oyatdı - yox, belə deyil. İnsanı işinə görə tanıyarlar. Bu insanın da bu vaxtadək klubda gördüyü iş göz qabağındadı. Bu, baş məşqçi kimi sənə həddən artıq ümid verir, daha da səni rahatlandırır. Yəni, özümdən danışıram. Təəssürat normaldı. Futbol aləmi belədi ki, başa düşürsünüz, hamımız bir-birimizi tanıyırıq. Xüsusilə də bir yerdə işləyəsən. Hamımızın bir-birimizlə bağlı informasiyamız var. Fikirləşirəm ki, inşallah. hər şey yaxşı olacaq. 

- Xəstəni ayağı qaldırmalısınız. Bu güc sizdə varmı bir həkim olaraq?

- Özün məndən yaxşı bilirsən ki, getdiyim yerdə həmişə necə olub. Yağın-balın içinə bu vaxtadək getdiyim yer olmayıb. Aşağı-yuxarı vəziyyyət eynidi. Bilirəm ki, hara gedirəm, bilirəm vəziyyət necədi.

- Təcili yardım maşınınız bu dəfə də işə yarayacaq?

- Ən azı özümə inam, güc olmasaydı, girməzdim bu yükün altına. İndidən deyə bilmərəm ki, bu olacaq, o olacaq. Başımıza ən yaxşısı gələ bilər Allahın izniylə, bundan əvvəlki baş məşqçinin aqibəti də gözləyə bilər bizi. Amma yenə deyirəm ki, bu, inam böyükdü, onun dalınca da gəlmişik.

- Sadə bir sual - bu mövsüm məqsəd nə olacaq? Nə istəyir rəhbərlik sizdən?

- Ümumiyyətlə, heç vaxt onun tərəfdarı olmamışam ki, məqsədi baş məşqçi desin. Məqsəd mövsümün əvvəlindən klub tərəfindən qoyulur. Bəli, futbol ilinin ortasında denən ki, problemlər yaşana bilər - istənilən məqsəd çatmamaq, axsamalar baş verər. Bundan sonra bəli, məqsədlərin dəyişə bilər. Amma sırf məqsədə görə heç nə deməyəcəm. Bunu klub özü deyəcək. Məqsədim əvvəlki "Sumqayıt" vardı, o əzəməti qaytarmaq. Əzəməti demək bir az böyük çıxar, bu gün ən əzəmətli kubumuz "Qarabağ"dısa, onunla müqayisə edə bilmərəm. Sadəcə, azarkeşləri stadiona qaytarmaq, rəqib komandalar Sumqayıta gələndə, bilirlər hara gedirlər, bax, onu qaytarmaq vəzifəsidi birinci olaraq. Çünki fikirləşməliyəm ki. təməli bərkitmək lazımdı. Bu gün ilk məşqimizdi. "Sumqayıt"dakı azərbaycanlı futbolçuların hamısını tanıyıram, gəlmələri isə yox. İnşallah, tanış olacağıq. 

 

 

MEHMAN SÜLEYMANOV