Hər şey məhz avqustun 9-u tarixində başlamışdı. Qurban Qurbanov 2008-ci ilin həmin günü yenicə baş məşqçisi təyin olunduğu "Qarabağ"da ilk matça çıxardı və həmin çempionatın ilk turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Bakılı"nı 2:1 hesabıyla məğlub etdi. Günlər, aylar, illər keçdi və artıq 50 yaşı olan Qurbanov yenidən 9 avqustda komandasını oyuna çıxardı. Bu dəfə daha təcrübəli olan baş məşqçi daha güclü heyətə malik "Qarabağ"la daha çətin sınaq qarşısında idi. Bu, Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinə vəsiqə verən "Ferenstvaroş"la Budapeştdəki matç idi. Bakıda matçın 1:1 hesabıyla nəticələnməsi də işimizi asanlaşdırmırdı. Düzdür, artıq səfər qolu yox idi. Amma meydan sahibləri çoxsaylı çılğın azarkeşlərinin güclü dəstəyi sayəsində istənilən hesablı qələbəylə III təsnifat mərhələsindəki duelin qalibi olacaqdı. 

Amma ilk dəqiqələr macarların meydan sahibi olmasını böyük şübhə altına qoydu. Çünki bu dəfə oyunun ilk dəqiqələrində fərqli "Qarabağ" gördük. Səfərdə olmasına baxmayaraq, təmsilçimiz hücum edir, qolu ilk dəqiqələrdən axtarırdı. Görsənirdi ki, Stanislav Çerçesovun komandasını əməlli-başlı təhlil etmişdi Qurbanov. Əlbəttə, Kadi Borgeslə Riçard Almeydanın qayıdışı da "Qarabağ"ın baş məşqçisini bir xeyli rahatlaşdırmışdı. Sadəcə, bu dəfə Almeydanı ehtiyatda saxlayan Qurbanov Kadini da sağ vinger yox, doğma mövqeyi olan oyun qurucusu kimi buraxmışdı. Yarımmüdafiənin sağ cinahı isə yenə Ramil Şeydayevə tapşıırlmışdı. Məhz Sürixdəki əzmkar matçda olduğu kimi. Zaman da göstərir ki, bu seçim daha yaxşı effekt verir. 

"Qarabağ"ın start təzyiqi tezliklə öz bəhrəsini verdi. Bunadək real qol şansını qaçıran İbrahima Vadji çox keçmədən rəqibin geriyə ötürməsini ələ keçirərək onu Kadiyə, o da topu Abdullah Zubirə çatdırdı. Sonuncunun sol ayaqla yaxın küncə zərbəsindən sonra top tora qovuşdu. 

Artıq 7-ci dəqiqədə buraxılan bu qol "Ferentsvaroş" üçün əsl "soyuq duş" oldu və bundan sonra ayıldı ki, Bakıda yox, Budapeştdə oynayıram. Bəli, artıq bizim qapıya tez-tez hücumlar olur, təhlükəli vəziyyətlər yaranırdı. Hesabın da bərabərləşməsi real idi bu dəqiqələrdə. Amma macarlarını arzusunu gözün qoyunda vardı - Şah! "Qarabağ"ın və millimizin əsas qapıçısı olan Şahrudin Məhəmmədəliyevi reaksiyaları insanı sadəcə, valeh edirdi. Onu da unutmamalıyıq ki, artıq "Qarabağ"ın müdafiənin mərkəzində Kevin Medina-Maksim Medvedev yox, Bədavi Hüseynov-Bəhlul Mustafazadə dueti idi. Amma onlar kölgədə qalmır, əksinə, inamlı çıxışıyla yadda qaldılar. Xüsusilə Bədavinin ilk qolda öz cərimə meydanından Vadjiyə uzun ötürməsi qeyd olunmalıdı. "Qarabağ" fasiləyədək qol buraxmamaq işinin öhdəsində gəlməsi bir yana, hesabdakı üstünlüyünü artırmalı idi. Amma Zubirlə Kadinin zərbələrinin qarşısını rəqibin kapitanı da olan qapıçısı kəsdi. 

Qurbanov Almeydanı ikinci hissənin əvvəlində meydana buraxdı ki, millimizin 33 yaşlı üzvü yenə meydanda faydalı oldu. Marko Yankoviçi əvəzləyən milliləşdirilən braziliyalı yarımmüdafiəçi kapitan Qara Qarayevlə meydanın mərkəzində yaxşı tandem təşkil etdi, hələ adını qol müəllifi kimi tabloya yazdırmaq şansı da oldu. Ağdamlılar matçın qırılma nöqtəsi sayıla bilən 2-ci qolu 54-cü dəqiqədə vura bildi. Şahrudin bu dəfə qollu hücumu başlamaqla komandasına faydalı oldu. Bu zaman Vadji hava ötürməsindən başla qalib ayrılaraq topu Kadiyə göndərdi və onun reydindən sonra qapı önünə pararel ötürməsini qola çevirdi. 

78-ci dəqiqədə qeydə alınan 3-cü qolumuz da gözəl kombinasiyanın nəticəsi idi. Qarayev Şeydayevi hücuma qoşdu ki, onun ötürməsini Vadji dəqiq tamamladı. Bu, artıq qələbəmizə heç bir şübhə yeri qoymadı. Bəli, rəqib sona yaxın keçən il "Şerif"in ÇL-də sensasion çıxışında qollarıyla böyük əməyi olan malili hücumçu Adama Traoreylə qapımıza yol tapa bildi. Lakin bu, Macarıstan çempionu üçün təsəllidən başqa bir şey deyildi. 

Bəli, ispan baş hakimin final fiti səslənir və "Qroupama Arena"da "Qarabağ" sədaları eşidilir. Adətən bunadək ÇL-də Çerçesov ilk oyunda qalib gələ bilməyərək, rəqibini daha yaxşı analiz nəticəsində məhz ikinci matçda qazandığı qələbəylə mərhələ adlayırdı. Amma milliyyətcə osetin olan bu 59 yaşlı mütəxəssisə bu dəfə heç bir oyunda qələbə sevinci yaşamaq nəsib olmadı. Macarlar hələ Bakıdakı oyunda 1:1-dən razı qalmaları bir-birlərini necə təbrik eləmələrindən görünürdü. Amma onlar Kadisiz "Qarabağ"la görüşdə belə nəticə qazanmışdılar. Futbol nə qədər komanda idman növü olsa da, Kadiylə "Qarabağ" bir başqa, tam fərqlidi.

Bu qələbə həm də ona görə bizlərə ləzzət elədi ki, ruslara yaxşı cavab vermiş olduq. Bu ölkə Ukraynayla məlum müharibəyə görə UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılandan sonra Çerçesova necə azarkeşik edir, necə dəstək olurdular. Bu ölkənin çox futbol mütəxəssisi Stanislav Salamoviçin komandasının "Qarabağ"ı keçəcəyindən əmin idi. "Qarabağ"ı kənd komandası da adlandırdılar, Tofiq Bəhramov adına Respublika stadionunda kabab iyi qabardıldı, həmin Çerçesov həmin gün arenada sanki saunada olduqlarını vurğuladı (əslində isə elə isti havada kostyum geyinəndə adam istilənər də). "Qarabağ" isə Çerçesovlu ruslaa da, macarlara da onun meydanında əsl futbol dərsi keçməklə susdurdu. 

Bəli, artıq ÇL-in qrupunun astanasındayıq. Sadəcə, son rəqibi də keçib 5 illik fasilədən sonra Avropanın ən nüfuzlu klub turnirində yenidən iştirakçı ola bilərik "Qarabağ"la. Rəqib "Viktoriya" isə fikrimcə, "Ferentsvaroş"dan münasib olan komandadı. Həmin "Viktoriya" ki, onunla yarımçıq qalan haqq-hesabımız var. Axı, Çexiyanın Plzen şəhərini təmsil edən bu komanda vaxtilə məhz ÇL-də yolumuzu kəsib. Əslində, onda uduzmamışdıq bu rəqibə - səfərdə 0:0, evdə 1:1. Sadəcə, səfər qolu sayəsində çexlər cütün qalibi oldu. İndisə həmin səfər qolu da daha yoxdu. Bir şeyə əminik ki, Qurban Qurbanovlu "Qarabağ" istənilən halda, rahatlaşmayacaq. Axı, çexlərlə indiyədək avrokuboklarda duelləri heç də uğurlu alınmayıb...