Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

44 günlük II Qarabağ Müharibəsində iştirak edən, Azərbaycan Prezidentinin Sərəcamıyla medallarla təltif olunan kolleqalarımız, habelə Premyer Liqamızda idarəçilik edən milli dərəcəli hakim Kamal Umudlu oldu. Onların hər biri Sport24.az-a açıqlamalarında 27 sentyabrla, bugünkü tarixdə başlayan Vətən müharibəsiylə bağlı təəssüratlarını bölüşdülər. 

Kamal Umudlu, Azərbaycanın futbol hakimi: "Təbii ki, ordakı olan situasiya ilə bura tam başqadı. Bir il əvvəl heç kim fikirləşmirdi ki, sentyabrın 27-i tarixində nə baş verəcək, kimlər döyüş bölgəsinə gedəcək. Biz də gözümüzü açdıq ki, bu, Vətən müharibəsidi və hamının da borcu idi cəbhəyə getmək. Biz də hamı kimi öz borcumuzu ödəmək üçün yollandıq döyüşə. Tamam fərqli ab-havadı, tamam fərqli hisslərdi. İndi həqiqətən insan xatırlayanda, deyirsən ki, 1 il zaman kəsiyi necə keçdi...Çox vaxt deyirlər ki, zaman necə keçdi, insan hiss eləmir. Bu müharibə dövründə zamanın 1 gün kimi keçdiyini həqiqətən hiss elədim. Bəlkə də 1 saat kimi idi keçdi gözümüzün qabağında - bu gün Şəhidlər Xiyabanına gedəndə, anidən ağlıma məhz bu gəldi. II Fəxri Xiyabana getdim, bu gün məşqimiz və iclasımız olduğundan yalnız ora baş çəkə bildim. İyul döyüşlərində şəhid olan general Polad Həşimovla İlqar Mirzəyev hərbi xidmət dövrümdə hərbi hissə komandirim olub. Həmçinin onların da məzarlarını ziyarət elədim. II Qarabağ Müharibəsində xalam oğlu da şəhid olub - Əlizamin Mustafalı. Sadəcə, onun məzarı Sumqayıtdadı deyə bu gün ora gedə bilmədim. İnşallah, bugünlərdə onu da ziyarətə yollanacam. Döyüş yoldaşarımdan biri 7 nəfərlik itkin siyahısındadı, hələ də ondan bir xəbər yoxdu. Bu, Xaqani Səfərlidi. İnşallah, onun tezliklə sağ-salamat tapılmasını arzulayıram. Təki salamat, ayaqları üstündə olsun, ona belə baş çəkək. Bilirsiniz ki, artilleriyaçı olduğuma görə müharibənin qızğın fazasında iştirak edə bilməmişəm. Amma müharibəylə bağlı ən çox xatırladığım an odur ki, sülh imzalandığı günü artıq komanda verilmişdi bu gecə hamı gedəcək ön cəbhəyə. Heç kim bilmirdi sabah necə olacaq, hamımız 5-5, 10-10 getməli idik. O anda yaşamla ölüm arasında 50-50-yə bir pərdə vardı. Bu an həqiqətən tez-tez xatirələrimə gəlir. İnsan fikirləşir ki, hardan-hara gəlib çıxa bildik. Şükürlər olsun ki, evimizə, ailəmizə sağ-salamat qovuşduq. Ancaq əlbəttə, bu qələbədə əsas pay sahiblərimiz şəhidlərimizdi. Allah hər birinə qəni-qəni rəhmət eləsin. Onsuz da yerləri cənnətlikdi".

Mahal Məmmədov, Azərbaycan Futzal Federasiyasının mətbuat katibi, "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunan: "Bu gün bizim üçün həm hüznlü gündü, həm də qürurlu. Qürurluyuq ona görə ki, zəfər dastanımızın başlanğıc, ilk sətirlərinin yazıldığı gündü. Hüzunluyuq ona görə ki, bu dastanı yazanların içərisindən 3 min şəhid verdik, yaralılarımız oldu. Təbii ki, bu şəhidləri təkcə anım deyil, ilin 365 günün hər birində yad eləməliyik, xatirlərini əbədiləşdirmək üçün əlimizdən nə gəlirsə, etməliyik. 1 il sanki göz qırpımında keçdi. Ancaq bu, belə olsa da, orda keçirdiyimiz 93 günün hər bir günü əvvəldən axıradək yadımızdadı. Bəzən şad günlərimizi unuda bilərik, ancaq belə məqamlarda, belə ortamın hər dəqiqəsi, hər saniyəsi yadımızdadı, unuda bimərik, unutmayacağıq. Çünki bizim üçün müqəddəsdi. Ümumiyyətlə, bugünlərlə bağlı hisslər qarışıqdı. Adam çox şeyi danışmaq istəyir, ancaq fikrini toparlayıb hardan başlayıb hardan qurtaracağını bilmirsən. Bu müharibədə olduğumuz müddətdə yeni dostlar da qazandıq. Ən əsası, çıxdığımız bu yolun sonu zəfər olduğu üçün hər zaman bundan sonra qürurla danışacağıq. Son tarixi mənbələrə əsaslansaq, son 250 ildə Azərbaycan öz təsdiq olunmuş əraziləri çərçivəsində itirilmiş torpağı ilk dəfə idi geri qaytardı. Ümid edirik ki, bundan sonra ancaq itirdiklərimizi geri qaytaracağıq. Arzulamıram nəyisə itirək. Amma bu, artıq bir yolun - zəfər yolunun başlanğıcıdı. Təbii ki, bunda Ali Baş Komandamızın düzgün zamanlaması, qətiyyətli qərarları, düzgün taktiki göstərişləri - bunlar hamısı vacib rol oynadı. Yadınıza gəlir, keçən il Tovuz döyüşlərindən sonra - Vətən müharibəsinin qığılcımları orda ortaya çıxdı - həmin vaxt Bakıda bir axın oldu, hər kəs müharibə, torpaqların geri qaytarılmasını tələb edirdi. Ancaq görünür, dövlət başçımız həmin dövrü düzgün qiymətləndirdi, məqamı gözlədi və o çatanda həmin əmri verdi. Heç kimin gözləmədiyi anda, bir bazar günü səhər çağı əks-hücum əmri verdi və demək olar ilk gündən bütün cəbhəboyu yalnız qələbə, torpaqlarımızın azad olunması xəbərləri gəldi. Hansı ki ermənilər elə bir mif yaratmışdı - Ohanyan səddi belə, bunker belədi, bunlar heç cür keçilməzdi, qarşısıalınmazdı. Ancaq bu müharibə bir həqiqəti ortaya çıxardı ki, artıq texnologiya savaşıdı, avtomat dövrü artıq başa çatdı. PUA-lar, "Bayraktar"la, "Harop"lar, "Dron"lar - texnoloji inkişafın nəticəsində yaralan silahların savaşıdı.

Bu gün II Fəxri Xiyabana baş çəkdim. Bu gün özü olaraq bir o qədər ağır, duyğusal gündü. Nə qədər sevinsək də, o itkilərin yerini də heç kim doldura bilməz. Bu gün ən azı 3 min evdə eyni zamanda hüzünlü gün idi. Çünki o itkilərin yeri görünürdü. Hansısa bir masa arxasında yenə kimsə bir əskik əyləşmişdi, yeri boş idi. Mənim üçün həm ona görə ağır ki, bir gün əvvəl bir tədbirdə olduq, orda 30-dan artıq şəhid ailəsi, şəhid anaları, bir o sayda da qazilər iştirak edirdi. Anaların çöhrəsində o itki aşıq-aşkar şəkildə görünürdü. Bu 1 il ərzində çox işlər görüldü. Təkcə dövlət tərəfindən yox, həm də insanlar sosial hərəkət yaratdılar. Emin Tarverdiyevin başladığı bu hərəkat Tərtərdə "Vətən bağı"nın ilk şitillərinin basdırlmaısyla əlamətdar oldu. Artlq bütün şitillər vurulub. Onun da özəlliyi odur ki, hər bir şəhidin adına orda ağac əkiləcək. Say 3 min olacaq. Ağacların hər birinin yanında löhvə qoyulacaq ki, QR Kod yerləşdiriləcək. Onu oxudanda həmin şəhidlə bağlı yerləşdirilən məlumatla tanış olacaqsan. Təbii ki, buna görə Eminə təşəkkür edirik. Tədbirin sonunda Bərdə Şəhidlər Xiyabanında olduq, Xudayarın qəbrini ziyarət elədik. Məzarın yanında Xudayar təsniif ifa olundu kollektiv şəkildə iştirakçılar tərəfindən - bu, təsirli an idi".   

Mehman Əşrəfov, "Qarabağ"ın media departamentinin əməkdaşı, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunan: "44 günlük savaşı, 100 günlük xidməti 10-15 cümlə ilə ifadə etmək çox çətindir. Ümumiyyətlə, xoş və ağır xəbərlər alırdıq ki, bunlar kəlimələrə sığmayacaq hisslərdir. Hər bir Azərbaycan oğlu evdən yalnız bir amal uğrunda çıxmışdı - torpaqlarımızdan düşməni qovmaq və zəfər qazanmaq. Biz evlə halallaşanda, əzizlərimizlə vidalaşanda nə mükafat, nə medal düşünürdük, yalnız istəyimiz qələbə idi! Şükürlər olsun ki, ordumuz və xalqımızın birliyi ilə 30 illik həsrətə son qoyduq.

Müharibədən sonra Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva Qubadlı rayonunun Xanlıq kəndinin yanındna keçərkən yol kənarındakı nar və xurma bağlarının yanında maşını saxlayıb yanımıza gəldilər. Çox xoş və inanılmaz idi. Üst-başımız elə də səliqəli deyildi. Prezident hər-birimizlə görüşdü. Biz də onun kimi Ali Baş Komandanımız olduğu üçün fəxr etdiyimizi bildirdik. Daha sonra xatirə şəkili də çəkilmişdi və bütün ölkə mediasında tirajlanmışdı.

Doğma İsmayıllıya gedə bilmədim səfərimizə görə. Bakıdakı xiyabanda oldum, Polad Həşimov, şəhid Tabor komandirim, mayor Rəhim Hüseynov və digərlərinin qəbri üstünə gül qoydum, ziyarət etdim. Kipr səfərindən qayıdandan sonra İsmayıllıya gedəcəm və birgə döyüşə yollandığım, amma geri dönməyən uşaqların ailəsinə baş çəkəcəm inşallah"

Daşqın Əziz, Offsideplus.az saytının əməkdaşı, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunan: "... O gün gəldi yetişdi və müzəffər ordumuza "İrəli" əmri verildi. 30 ilin intiqamı 44 gün ərzində bədxah qonşularımızdan alındı. Bu şanlı tarixdə iştirak edən sıravi əsgərlərdən biri də mən oldum. Ən böyük arzularımdan biri gerçəkləşdi. 8 noyabr tarixində Şuşadan Xankəndinə gedən magistral yolda düşmənlə üzbəüz döyüşdə odlu silah yarası aldım. Yoldaşlarımız şəhidlik zirvəsinə ucaldı, əsir düşənlərimiz oldu. Bütün bunların fonunda şanlı tarixi yazmış olduq. Artıq həmin ərazilərə təkcə hərbçilərimiz deyil, mülki sakinlərimiz, vaxtilə o torpaqlardan didərgin düşən soydaşlarımız rahat şəkildə gedib-gələ bilir. Bütün bunları şəhidlərimizə, qazilərimizə borcluyuq. Tanrı xalqımızı bir daha müharibə bəlasına mübtəla etməsin.

Bu gün Xırdalan şəhərində dəfn edilən bir neçə döyüş yoldaşımın qəbrini ziyarət etdim. Şəhid məzarları başında izdiham vardı. Xalqımız 44 günlük zəfərimizin müjdəçiləri olan qəhrəmanlarımızı unutmur və heç zaman unutmayacaq. Müharibə zamanı və bugünkü birlik bir daha Azərbaycan xalqının hər zaman bir yumruq ətrafında necə birləşdiyinin təcəssümüdür".

Süleyman Vəliyev, "CBC Sport"un şərhçisi, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunan: "Ötən ilin bu gününü yada salanda biz hələ nə dərəcədə böyük tarixi hadisənin iştirakçısı olacağını təsəvvür etmirdik. Həmin 44 gün həyatımızın ən həyəcanlı günləri oldu. Bu sözlər məncə hər kəsə aiddi həm ordumuzun əsgərlərinə, həm də ümumilikdə xalqımıza. Ümid edirəm ki, bir daha ölkəmiz belə günləri yaşamayacaq. Çünki müharibə insanın başına gələ biləcək ən böyük faciədir. İnsan həyatının dəyərini heçə endirən faciə. Öz şəxsi məqsədləri və hədəfləri deyil, daha ali saydığı məqsəd və əqidəsi uğrunda canını fəda edən istənilən insan əbədi hörmətə layiqdilər. Ümid edirəm ki, müharibənin sonunda arzularının reallaşması onların doğmaları üçün az da olsa təsəlli oldu. Biz isə canını fəda edən əsgər yoldaşlarımızın xatirəsini həmişə uca tutmaya çalışacağıq. Döyüş yoldaşım Cəbiyev Qardaşağanın timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyirəm".

 

 

MEHMAN SÜLEYMANOV