"Düşünürəm ki, komanda olaraq müdafiədə daha yaxşı oynamalıyıq". Sport24.ax xəbər verir ki, bunu "Sərhədçi"nin basketbolçusu Antonio Uliyam klubun rəsmi səhifəsinə açıqlamasında deyib.
O, komandasının Azərbaycan çempionatında son üç matçını dəyərləndirib: "Oyunların sonuna yaxın çox asan topları səbətə göndərə bilməmişik. Bu mənim və ya başqasının yaxşı oynaması ilə bağlı deyil. Çünki hər kəs hücumda yaxşı oyun keçirə bilər. Biz isə komanda şəklində yaxşı oynamalıyıq. Müdafiədə də rəqiblərin fiziki cəhətdən bizi üstələməsinə imkan verməməliyik".
O, şəxsi çıxışından danışıb: "Bəli, özümün daha yaxşı oynadığımı hiss edirəm. Düşünürəm ki, hamımız hücumda daha yaxşı oynayırıq, topu daha çox bölüşürük. Komandaya yeni oyunçu Kris - Martin gəldi. O da mənə yaxşı mübarizədə kömək etdi. Çünki olduğum yerlərə topu çox yaxşı çatdırır, rahatlıq yaradır".
Uliyam "Sərhədçi"nin növbəti turuna da toxunub: "Düşünürəm ki, biz hər şeyi tərsinə çevirə biləcəyik. Yaxşı bir komandayıq, sadəcə bəzi şeyləri anlayıram, hər şey lazımi anda düzələcək. Bəli, "Neftçi" ilə növbəti oyunda qalib gələcəyik. Sonuncu dəfə onlara uduzmağı xoşlamadım və bunun əvəzini çıxmağa hazırıq".
Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" qarşılaşması fevralın 6-da keçiriləcək.