Azərbaycanın şahmat üzrə yığma komandasının üzvü, millimizin sıralarında 3-qat Avropa cempionu Rauf Məmmədovun bir neçə gün öncə onlayn blitz yarışmasının 11-ci turunda dünya çempionu Maqnus Karlsenə 1 gedişdən sonra təslim olması həm ölkəmizdə, həm də beynəlxalq arenada geniş rezonans doğurdu. Məmmədovun 1. e4 gedişinə qaralarla oynayan norvecli g5 cavabı verincə, həmyerlimiz oyunu davam etdirməkdən imtina edib. Bilməyənlər üçün qeyd edək ki, qaraların ilk gedişdə g5 oynaması ən zəif gediş sayılır və bu addım həm şahmata, həm də rəqibə hörmətsizlik kimi səciyyələndirilir. Həmin partiyayadək birinci pillədə qərarlaşmış Raufla həm bu məsələyə dair, həm də zəngin karyerasına həsr olunmuş müsahibəyə zərurət duyduq. Sport24.az-a verdiyi müsahibədə 2016-cı ildə İntellektual oyunların qalibi, bundan 1 il əvvəl blitz üzrə ilk Avropa çempionu titulunun daşıyıcı Azərbaycan şahmatına dair də mövqeyini ortaya qoydu.

- Təqribən 8 ildi bu yarış keçirilir. Həmin vaxt Polşanın Krakov şəhərində idim. Ayın 10-da Lvova getməyi planlaşdırırdım. Ancaq məhz həmin gün Ukraynada yeni dalğa baş qaldırdı. Bu üzdən də Polşada qalmağı qərara aldım. Çərsənbə axşamı bekarçılıq idi. Səhər turnirində iştirak etdim. Qərara almışdım ki, ilk məğlubiyyətə qədər oynayacam. Ardıcıl 5 qələbədən sonra Nakamura ilə xalları böldim. Ardınca Belarus təmsilçisinə uduzdum. Əvvəllər şənbə günləri Bakıda Hüsü Hacıyev küçəsindəki klubda tempo turnirlər keçirilirdi. Lakin pandemiya hər şeyi alt-üst etdi. Chess.com saytı onlayn turnirləri təşkil etməklə bu sahədəki boşluğu aradan qaldırır. Bu tip yarışlar əvvəlcə ayda 1 dəfə keçrilirdisə, pandemiya vaxtı həftədə 1 dəfəyə keçdi. İndi isə həftədə iki dəfə baş tutur - səhər və gecə. Belarus təmsilçisinə məğlub olduqdan sonra turnirdəki iştirakımı dayandırdım. Polşa vaxtı ilə axşam 11-də start götürən 2-ci turnirdə də iştirak etməyi qərara aldım. Yorgun idim, üstəlik telefondan oynayırdım. Açıq deyim, istədiyim səviyyədə oynamırdım. İlk partiyada qalib gəldim, ardınca heç-heçə oynadım. İlk məğlubiyyəti gözləyirdim ki, gedim yatım. Ancaq məğlubiyyət heç cür gəlmirdi. Artıq 8 turdan sonra 7 xalım var idi və 1-ci pilləni bölürdüm. Növbəti partiyam Nakamuraya qarşı oldu. Bu turda da qalib gəldim. Haşiyə çıxıb qeyd edim ki, bu möhtəşəm sahmatçıya qarşı indiyədək 12 dəfə oynamışam və ümumi nəticəmiz bərabərdi. Anlayıram ki, uzun məsafədə o, üstün olar, amma indiki halda hesab bərabərdi. Beləcə, 10-cu tura vahid lider kimi daxil oldum.

- Dünya çempionu ilə qarşılaşmaq hər gün mümkün olmur. Burda isə cəmi 1 gediş...
- Baxın, Maqnus ağlarla oynasaydı və a4, b4, g4, h4 və ya başqa bir qeyri-ciddi gediş etsəydi, bunu normal qarşılayacaqdım. Çünki ağlar startda temp üstünlüyünə sahibdi və qaralar ilk gedişdən sonra üstün olmur. Yeganə istisna f3 gedişi olardı. Çünki belədə, ağ şah zəifləyir, üstəlik, g1 atının doğma mövqeyini f piyadası zəbt edir. Karlssen isə qaralarla g5 oynadı. Bu, qara fiqurlarla ən zəif gediş hesab edilir. Belə addımı mən alqışlamıram. Demirəm ki, haqlıyam və doğru qərar vermişəm. Hadisədən 10 gün keçib, artıq fikirləşirəm ki, niyə belə etdim? Çünki heç gözləməzdim ki, bu qədər üstümə gələcəklər. Əksəriyyət elə düşünür ki, özümü bu yolla reklam etmək istəmişəm. Ancaq mən bu yolun yolçusu deyiləm. Babat yuxum da gəlirdi (gülür). Ancaq əlbəttə ki, Maqnusu udmaq istəyirdim. Həm də hələ turnirdən əvvəl qərar vermişdim ki, Maqnusla ağlarlar görüşəsi olsam və e4 gedişinə g5 cavabı gəlsə, partiyanı davam etdirməyəcəm. Bu hadisəyə Anatoli Karpov, Sergey Karyakin kimi şahmatda möhürlərini vurmuş insanlar münasibət bildirdi. Açığı, bir az qəribə gəldi ki, Rusiya KİV-i bu olaya daha çox yer ayırdı, nəinki bizim mətbuat. Bilirsiniz, dünya çempionu mənim üçün fərqli bir zirvədi. Təsəvvür etmirəm ki, Kasparov və ya Karpov hansısa klubda kommersiya turnirində 2600+ reytinqli şahmatçının e4 gedişinə belə cavab verərdi. Bunu Karyakin, Şəhriyar, Nakamura və ya bir başqası etsəydi, mən davam edərdim. Amma Maqnus etalondu, 5-qat dünya çempionudu, azyaşlı şahmatcıların kumiridi. Bu səviyyədə olan şahmatçı belə etməməlidir.

- Bu hadisədən sonra tənqidçilərin daha çox oldu...
- Elədir ki, var. Hətta yazanlar oldu ki, e4 oynasanız və mən g5 cavabı versəm, təslim olarsınız? Məsələnin mahiyyəti isə başqadı. Özüm parkda, çayxanada şahmat oynamağı sevirəm. Bax, belə vaxtda g5 də oynaya bilərəm. Ancaq Maqnusu fərqli səviyyəli şahmatçı kimi qəbul edirəm.

- Tənqidçilərin turnirin onlayn formatda olmasını da qabardırlar...
- Onlayn artıq həyatımızın ayrılmaz parçasıdır. Qatıldığım “Global chess” turnirinin mükafat fondu 1 milyon dollardır. FİDE Tac uğrunda yarışdan başqa hansı turnirin mükafat fondunu bu həddə çatdırır? Evimdə oturub Dünya Kubokundakı qədər pul qazana bilərəm. Sözügedən turnirə qayıtdıqda, qeyd edim ki, 1-ci yer 1000, 2-ci yer isə 750 dollar qazanacaqdı. Karlssen üçün bu, pul deyil. Demirəm ki, qalib və ya 2-ci olsaydım, uddugum məbləğ həyatımı dəyişəcəkdi, sadəcə, vurğulamaq istəyirəm ki, bu, məhəllə yarışması deyildi, normal, sanballı turnir idi. Bilirsiniz, yarışda dünya çempionu iştirak edirsə, bu turnirin statusu tam fərqlidi artıq. Dediklərimlə Maqnusu öyrətmək məqsədi güdmürəm. Ancaq bir epizodu xatırlatmaq istəyirəm. Hansısa matçda Neymar rəqiblərinə qarşı başgicəlləndirici fintləri o qədər etdi ki, hakim sonda ona sarı vərəqə göstərdi. Çünki artıq o, həddini asmışdı. Sən kimdənsə bir baş üstünsənsə, bu, o demək deyil ki, bunu ifrat dərəcədə nümayiş etdirmək olar. Demirəm ki, g5 gedişindən sonra o, mənə qalib gələ bilməzdi. Ancaq “respect” (hörmət) anlayışını heç kəs ləğv etməyib.

 

​​​​​​- Yəqin razılaşarsan ki, görüşümüzü bir tək g5 üzərində qursaq, oxucular bizi düz başa düşməz. Karyeranın uğurlu alındığını hesab edirsən?

- Bu il mənim üçün çox ağır keçir. 2017-ci ildə 2700 reytinqinə yüksəldim. Hətta elə bir məqam oldu ki, ilk 20-30 şahmatçı sırasında oldum. Blitsdə 6-cı olmuşdum. İlk onluqda isə 5 il ərzində qaldım. 2019-dakı pandemiyadan və ailə həyatı qurmağımla əlaqədar Ukraynaya koçdükdən sonra həyatımda xeyli dəyişiklik oldu. 2700 üstü reytinqli şahmatçılara super qrossmeyster deyilir. Bax, unutma ha, mənə hər zaman “qross” deyə müraciət edirsən, amma 2700 olan kimi “super qross” deməlisən (gülür). 2020-ci ildə “Aeroflot Open”də 1-ci olmağa çox yaxın idim və sonda gənc həmkarım Aydın Süleymanlı ilə eyni xal toplayaraq, 2-ci oldum. Həmin partiyaları təhlil etdikdə görürdüm ki, 2700+ səviyyədə oynamışam. Bu, artıq yeni bir səviyyə idi. Ancaq pandemiya hər şeyi alt-üst etdi. Düzdü, onlayn formatda turnirlər udurdum, Fransada cempionatı uddum. 2021-də şəxsi Avropa çempionatinda uzun müddət lider olsam da, 10-cu turda riskə getdim və uduzdum. Halbuki rahat şəkildə 2 və ya 3-cü yeri tuta bilərdim. Ardınca “Vüqar Həşimov”la 3-cü olduq. Ancaq lokdaun əhvalımı tam korladı. Həmin vaxt 2673 idi reytinqim. Ancaq mən dinamik həyat tərzinə öyrəşmişəm. Ev şəraitində yaşamaq mənlik deyil. Daha sonra medalsız qalsaq da, hesab edirəm ki, komanda Avropa çempionatında pis çıxış etmədik. Son turda Fransaya uduzmasaydıq... Aşağısı 2-ci yeri tutmalı idik. 2022-yə dönüs ili kimi baxırdım. 2657 idi reytinqim. Məsələ heç reytinqdə də deyil. Hiss edirdim, artırıram. Ancaq fevralda Ukraynada başlayan məlum hadisələr... Artıq 8 ay keçib, hələ də özümə gələ bilmirəm. Təsəvvür edirsən, bu il iştirak etdiyim heç bir turnirdə reytinqimi artıra bilməmişəm! Yalnız “Vüqar Həşimov”un heyətindəki çıxışım nisbətən pozitiv oldu. Məsələn, Ananda qarşı yaxşı partiyam oldu. Ancaq orda da toplaya biləcəyimi yığa bilmədim. Konkret suala gəldikdə, hesab edirəm ki, karyeram yarımçıq alınıb. Hələ indi-indi özümə gəlməyə başlayıram. Bir sıra tanışım həyat yoldaşımı (Natalya Buksa Ukrayna yığması ilə qadınlar arasında Olimpiadanın qalibi oldu - C.Ə.) misal gətirir ki, analoji vəziyyətdə adam Olimpiya çempionu oldu. Başa düşmək lazımdı ki, hər insanın öz həyat tərzi var. Hər şahmatçı bu və ya digər situasiyaya fərqli reaksiya verir. Ümid edirəm ki, gələn il mənə belə sual versən, “bəli, karyeram alındı” deyəcəm.

- Karyeranı vərəqləyərkən, maraqlı məqam diqqətimi çəkir: millimizin heyətində fərqli, daha istəkli, daha aqressiv, daha döyüşkən və daha uğurlu Rauf görürük. Bunun adı nədi?
- Məsuliyyət. Komanda qarşısında məsuliyyət. Təəssüf ki, son Şahmat Olimpiadasında yaxşı çıxış edə bilmədim. Bir sıra partiya oldu ki, heç cür ürəyimə yatmadı. Bilirsən, belə yarışlarda daxili bir hissim olur ki, kimliyindən asılı olmayaraq, çıxıb rəqibimi parçalayacam. Bax, son Olimpiadada bu hiss yox idi. Bəlkə də kiçik paranoya yaranmışdı məndə. Söhbət çiterlikdən gedir (kompüterdən gizli istifadə - C.Ə.). Məlum olduğu kimi, Maqnus Hans Nimannı çiterlikdə ittiham edib və norveçli ilə yanaşı, onu dəstəkləyənlər də ABŞ qrossmeysteri tərəfindən məhkəməyə verilib. İndi bütün şahmat dunyası 400 milyonluq tələbin nə ilə nəticələnəcəyini gözləyir. Mövzuya qayıtdıqda, artıq canlı şahmatda da bu hallar yaşanır. Məncə, Olimpiadada bu, mənə təsir etdi. Bu il keçirilən bütün turnirlərdə məndə belə bir şübhə var idi. Yeganə istisna Avrokubok idi ki, orda rahat idim. Çünki translyasiya 15 dəqiqəlik gecikməylə verilirdi. Mən məhz bunun tərəfdarıyam. Belədə, kənardan kömək etmək ehtimalı yəqin ki, qalmır. Kaş Olimpiadada olardın və görərdin. Turnir keçirilən zalda insanlar rahat şəkildə telefonla gəzirdilər. Allah bilsin, kim kimin adamıdır, kim kimə kömək edir. Təşkilatcılara da deyəndə, cavab verirdilər ki, Hindistana xoş gəlmisiniz. Ancaq dediklərinə gəlincə, bir faktı deyim ki, ardıcıl 5 il milli komandanın heyətində 1 məğlubiyyətsiz seriya sahibiyəm. Millidə oynamaq mənim üçün böyük şərəfdir!

- Müsahibənin zəhərli parçalarından birinə toxunmaq istəyirəm. Nəyə görə Azərbaycan indiyədək heç vaxt Olimpiadadan medal gətirməyib? Mən şahmatımız adına xəcalət çəkirəm. Torpaqlarımızdan gözləri çəkilməyən qonşularımız 3-qat Olimpiya çempionu olduğu halda, biz indiyədək bircə dəfə də olsun heç bürünc medal da qazanmamışıq...
- Mən 9 Olimpiada iştirakçısıyam. Bunlardan yalnız 2-də medal qazanmaq şansımız olub. Obyektiv olmaq lazımdı, əslində, 9 Olimpiadadan cəmi 2-də şansın olursa, bu, yaxşı hal deyil. Şəhriyar 11, Teymur isə 10 Olimpiada iştirakçısıdır. 2008-dən bəri Olimpiya medallarına iddiaçılar sırasındayıq. Drezdendə baş tutan həmin Olimpiadada 6-cı olsaq da, medallara iddia etmirdik. Bunu gənc olmağımızla əlaqələndirərdim. Növbəti Olimpiadada Vüqar Həşimov iştirak etmirdi. Həmin vaxt Federasiya ilə münaqişəsi var idi. Buna baxmayaraq, 9-cu turadək yaxşı gedirdik. Həmin turda Ukrayna ilə oynayırdıq. Mən Pavel Elyanova uduzdum, Şəhriyar qalib gəlsə də, yekunda məğlub olduq. Ən real şans 2014-cü ildə yaranmışdı. Onda 2-5-ci yerləri bölüşdürsək də, yekunda medalçılar sırasına düşmədik. Kapitanımız mənim şəxsi məşqçim Aleksandr Xalifman idi. Məhz onun rəhbərliyi altında ilk dəfə Avropa çempionu olmuşuq. Bakıda biabırçı çıxış etdik. Batumidə isə... Ən güclü Olimpiada olsa da, 6 bturdan sonra maksimal nəticəyə lider idik. Ancaq ABŞ-dan aldığımız acı məğlubiyyət və hər şey dağıldı. Son Olimpiadada isə hesab etmirəm ki, pis oynadıq. Vasif Durarbəyli +20 vəziyyəti udsaydı, 10-cu turda Özbəkistanla qızıl medal matçı keçirəcəkdik. Ümumi götürdükdə, həqiqətən unikal hadisədir. Ancaq futbolla paralel aparıram. İngiltərə yığması dünya çempionatlarında 1/4 finaldan o yana gedə bilmir. Olimpiadalarda hər dəfə nəsə çatmır. Əvvəllər Vüqar çatışmırdı, bu dəfə Tima yox idi. Fikrimcə, sistemli hazırlıq çatışmır. Doğrudu, Bakı Olimpiadasına yaxşı hazırlaşmışdıq. Xeyli toplanışlarımız olmuşdu. Buna baxmayaraq, hesab edirəm ki, Olimpiadaya hazırlığa daha erkən başlamaq gərəkdi. Təqribən 6 ay əvvəldən milliyə namizədlər izlənilməyə başlanmalıdır.

- 2016-da İntellektual Oyunlarda dünya çempionluğu. Bundan 1 il əvvəl şəxsi Avropa çempionatında qızıl medal. Özü də həmin turnirdə 3 erməniyə qalib gəlmişdin. Maraqlıdı, bu uğurları sadaladığın zaman Federasiyamız tərəfdən hansı dəstəyi aldın?

- Açığı, kimə qalib gəlməyim arasında böyük fərq görmürəm. Bəli, ermənilərə qarşı partiyalara daha əsaslı köklənirsən. Əlbəttə, 3 erməniyə qalib gəlməyim xoş hissdi. Ancaq böyük fərq görmürəm. Heç bir ajiotaj olmadı. Son Olimpiadada həyatımda ilk dəfə Ermənistana qarşı çıxış etmədim. Milliyətindən asılı olmayaraq, şahmatçılar biri-birləri ilə ünsiyyətdə olur. İnan, matçdan sonra onların yığmasının iki üzvü niyə oynamamağımı soruşdular. Deməzdim ki, bu, mənim və ya başqasının səhvi idi. Komanda turnirində doğrunu da, səhvi də komanda birlikdə edir. Üc dəfə komanda şəklində Avropa çempionu olmuşuq. Heç vaxt deyə bilmərəm ki, hansındasa mənim və Şəhriyarın hesabına buna nail olmuşuq. İlk dəfə qitə birinciliyini udanda son partiya həlledici idi. 2009-da Vüqar Stelvageni məğlub etdi və biz Avropa çempionu olduq. Ancaq bu da komandanın qələbəsi idi, bir nəfərin uğuru yox.

- Bir qədər əvvəl çiterlikdən danışdın. Bildiyim qədəri ilə hazırda bu yöndə ciddi yoxlamalar gedir. Hətta Olimpiadanın qalibi olmuş Özbəkistan yığması da yoxlanılır...
- Bir müddət əvvəl chess.com saytının çiterlər siyahısı çıxdı. Bunların arasında 3 özbək də var. Siyahıdakıların bəziləri hətta etiraf da edib ki, kompüterdən istifadə edib. Maraqlıdır ki, bu üç şahmatçının hər biri Özbəkistan yığmasının üzvləridi. Heç kimi günahlandırmıram. Çünki əlimdə əsas yoxdu. Nodirbek Abdusattorova isə sadəcə, heyranam. Hesab edirəm ki, o, 2800 həddini də aşacaq.

- Bəs bizimkilər? Məsələn, Nicat Abbasov və Eltac Səfərlinin adları hallanır...
- Mən bu mövzuda tez-tez üz-üzə gəldiyim azərbaycanlı həmkarlarıma dair sualı cavabsız qoyacam.

- “Aeroflot Open”in son turunda qalib gələcəyin təqdirdə çempion olacaqdın. Lakin gənc Aydın Süleymanlı ilə xalları yarı böldün. Rauf Məmmədov Aydına qalib gələ bilmədi?
- Bir sıra azərbaycanlı  şahmatçı mənə “Aydınla bərabərlikdən sən daha çox qazandın, nəinki çempion olsaydın” dedi. Açıqca dedilər ki, danışmışdınız. Cavabım bu oldu ki, məni yaxşı tanıyırsınız və bilirsiniz ki, bu yolun yolçusu deyiləm. Oyundan öncəki gecəni çox pis yatmışdım. Bütün turniri çox yaxşı keçirmişdim. Həmin partiyada isə özümü çox pis hiss edirdim. Bəli, hələ oynamaq olardı, amma taqətim yox idi. Buna görə də, bərabərliyə razılaşdım ki, heç olmasa 2-ci yeri əldən verməyim.

- Subyektiv mövqeyimdi ki, millimizdə gəncləşdirmə aparılmalıdır. Sizin kimi dahi şahmatcılarımızı kənara atmaqla yox, əksinə, sizləri məşqçi kimi cəlb edib yeni nəslin yetişdirilməsinə istiqamətləndirməklə...
-  Bu ilin aprelindən bu yöndə işə başlamisam. Federasiyamız bu istiqamətdə pozitiv işlər görməyə başlayır. Bunu da qeyd edim ki, 2019-cu ildən “Vuqar Həşimov”un sıralarında tam və yalnız gənclərimizdən qurulmuş komanda yoldaşlarımla zəngin təcrübəmi bölüşürəm. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, həmin uşaqların müəllimiyəm. Bu yaxınlarda İsraildə təşkil olunacaq komandalar arasında dünya çempionatında iştirak etmək uğrunda seçmə turnir təşkil ediləcək ki, burda da istedadlı gənclərimiz qüvvəsini sınayacaq. Görəcəyik, nəyə qadirdilər.

- Bəli, sizin nəsil ölkə adına çox işlər görüb. Ancaq bundan sonra heç kim çıxmayıb. Azərbaycanda istedad tükənməyib axı!..

- Biz eyni nəsil idik, rəqabət gedirdi aramızda. 1998-ci ildə Heydər Əliyev bizi qəbul etdi və böyük dəstək verdi. 1992 - Eltac Səfərli, 1995 - Nicat Abbasov, 1998 - Vasif Durarbəyli. Vəssalam, başqa 2600 olanımız  yoxdu. İndi gənclərdən Qədimbəyli, Muradlı və Əsədli qrossmeyster adını qazanıb. Ən gənc qrossmeysterlər sırasında Aydın Süleymanlının da adını çəkə bilərəm. Fikrimcə, bu uşaqlar bir göz qırpımında Şəhriyar, Teymur, Vüqar zirvəsinə ucalmaq istəyirlər. Tələsirlər. Hələ ki Özbəkistan, Hindistan səviyyəsində nəticələrimiz yoxdu. Sistemli iş qurulmalıdır. İşə uzun illərini millidə keçirmiş qrossmeysterlərimiz cəlb olunmalıdır. Şəhriyara, mənə, Qədirə layiq olduğumuz ödənişlər edilməli, bizlər də gənc həmkarlarımızla təlimlər keçməliyik.

- Bir müddət öncə Naxçıvanda keçirilən gənclərin komanda Olimpiadasında Türkiyə yığması çempion oldu. Qardaş ölkəni bu qələbəyə azərbaycanlı mütəxəssis Cəmil Ağamalıyev gətirdi. Hələ 2018-ci ildə Antalyada olarkən Cəmillə eyni oteldə qaldığımızdan geniş söhbət etmək imkanım olmuşdu. 48 yaşlı mütəxəssis Türkiyədəki şəraitin 70-80 faizinin Azərbaycanda yaradılacağı təqdirdə azərbaycanlı istedadları yetişdirməyə hazır olduğunu bildirdi...
- Cəmil Ağamalıyev mənim sevimli məşqçimdi. Mən onu gənclərlə işləyən ən dahi məşqçi sayıram. Yetişməyimdə əvəzsiz pay sahibi olub. Olimpiadanın qalibi olduqda da onu təbrik etdim. 25 il öncə, 1997-dən onunla məşğul olmağa başlamışdım. 1999-cu ilədək məni çalışdırdı. 2001-ci ildə 2300 reytinqim var idi. Onun qoyduğu bünövrənin nəticəsi idi bu. Lakin 13 yaş üçün bu reytinq həmin dövrdə yaxşı sayılsa da, 2 il yerimdə saydım. Artıq 15 yaşımda 2300 yaxşı deyildi. Qırğın saldım ki, Cəmil müəllimi qaytarın. Cəmi 1 ilə məni 2300-dən 2517-yə yüksəltdi və 16 yaşımda artıq milliyə dəvət aldım. Bir xatirə bölüşüm. 2650 reytinqim var idi artıq. Şəhriyar mənə dedi ki, sən hələ də Cəmilin qoyduğu debütləri oynayırsan.  Onun kimi mütəxəssisi itirməyimiz bəlkə də ən kobud səhvdi. Bizə gəlirdi və 3 saat ərzində nə çay içərdi, nə kofe: 180 dəqiqə ancaq şahmat! Onu bura qaytarmaq mümkün olsa, təsəvvür etmədiyimiz dərəcədə qazanarıq. Hazırda ölkəmizdə fəaliyyət göstərən mütəxəssislər arasında Rəsul İbrahimov “1 nömrə”di. Mühacirlərimizdən danışsaq, əlbəttə ki, Elmar Məhərrəmovun da xüsusi olaraq adını cəkməliyəm.

- Qadınlardan ibarət yığmamız Avropa çempionatında 28 ildən sonra medal qazandı. Ardınca Gövhər Beydullayeva 20 yaşadək şəxsi dünya çempionatında qızıl medala yaxındı (söhbət Gövhərin titulu qazanmasından əvvəl olub - C.Ə.). Qadın şahmatcılarımızın bu sıçrayışının səbəbini nədə görürsən?

- Federasiya olduqca düzgün qərar qəbul edib. Qızlarımızı Nicat Məmmədov çalışdırır. O, “daxili mətbəx”i bilir. Elə bu səbəbdən də nəticələr yaxşılaşmağa başlayıb. Federasiyada peşəkar, Azərbaycan şahmatında sözünü demiş insanlar nə qədər çox çalışsa, bir o qədər faydalı olacaq. Arzu edirəm ki, kişilərdən ibarət yığmamızda da belə təyinat olsun. Federasiyada diletantllar deyil, peşəkar şahmatçılar çalışmalıdır. Heç kimin xətrinə dəymək istəmirəm, amma kişi şahmatı sahəsində bircə nəfərin adını çəkin ki, pesəkardı. Dilentlarla isə qabartdığınız Olimpiada məsələlərində belə nəticələr olur. Cəmil Ağamalıyev kimi mütəxəssisə çox böyük ehtiyac var. Fikrət Sideifzadənin təcrübəsindən mütləq yararlanmaq lazımdı. Fərid Abbasov yetərincə peşəkar mütəxəssisdi və gənclərə töhfəsini də verir, tez-tez mənim də məsləhətlərimi alır. Ancaq Fərid müəllimə də köməkçilər lazımdı. Şahmatcılarımızın daxili dünyasını bilən mütəxəssislərimizə çox ehtiyac var. Nicat Məmmədovun zəhmətidir ki, qadın şahmatı belə sıçrayışa nail olub. Yuxarıda Elmar Məhərrəmovun adını çəkdim. 30 ildə BƏƏ-də çalışır. Bax, o, bizi Olimpiya medallarına daşıya bilər.

- Və sonda. Qross, sənə nə zamansa super Qross deyə müraciət edə biləcəm?
- Hiss edirəm ki, bunu bacaracam. 2019-cu ildə karyeramda bir eniş yaşayırdım. Anatoli Karpova müraciət etdim ki, artıq 31 yaşım var, bitirmək zamanıdı? Cavab verdi ki, cavan oğlan, mən 33 yaşımda Kasparovu 5:0 udurdum. Düşünürəm ki, 2700 həddini keçmək üçün gücüm var.

 

 

CEYHUN ƏLİYEV