Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə “ShamkirChess-2017” turniri həlledici fazaya qədəm basır. Dünyanın ən elitar şahmatçılarının mübarizə apardığı turnirin sonuna 3 tur qalmış Şəhriyar Məmmədyarov fantastik nəticəylə yarışın vahid lideridi.

Həmyerlimiz mütləq nəticənin 75 faizini əldə edib ki, bu cür turnirlərdə belə göstərəiciyə demək olar ki, rast gəlmək mümkün deyil. Şəhriyarın aktivində 3 qələbə və 3 heç-heçə var. Uesli So, Pavel Elyanov və Vladimir Kramniki məğlub edən Məmmədyarov, Sergey Karyakin, Teymur Rəcəbov və Pentala Harikrişnayla xalları yarı bölüb. Maraqlıdı ki, şahmatçımız qalib gəldiyi partiyaların hər üçündə qara fiqurlarla oynayıb. Daha bir diqqətçəkən məqam: Şəhriyarın məğlub etdiyi triodan hər birinin əmsalı daha yüksəkdi. Məmmədyarovun reytinqi 2772-dirsə, Elyanov – 2781, Kramnik – 2811, So – 2822 əmsala sahibdirlər.

Azərbaycanlı qrossmeysterin sərgilədiyi şahmat da göz oxşayır. Parlaq qələbələri sıralayan Şəhriyar, hələ turnir start götürməmişdən sport24.az-a verdiyi müsahibədə iddiasını ortaya qoymuşdu: “Yenə də pərəstişkarlarımı parlaq oyunla sevindirməyə çalışacam. Mənə hücum üslubunda oynamaq zövq verir”. “Şah” sözünün üstündə dayandı. Vladimir Kramnik və Uesli So kimi 2800 səddini aşan əjdahalara meydan oxumaq üçün ən azı “ikibaşlı əjdaha” olmalısan.

Həmyerlimizin ən yaxın izləyiciləri – Uesli So, Veselin Topalov və Maykl Adamsın hər birinin aktivində 3,5 xal var. Finişə 3 tur qalmış bu, kifayət qədər sanballı üstünlük hesab olunur. Hələ nəzərə alaq ki, Pentala Harikrişnayla partiyada da Şəhriyar qalibiyyətin bir addımlığında səhvə yol verməsəydi, indi xal ehtiyatı 5-ə bərabər idi. Bütün göstərdiyimiz faktorlar azərbaycanlı qrossmeysterin “ShamkirChess”-i qalibiyyətlə başa vurmaq şansının olduqca yüksək olduğundan xəbər verir.

Ancaq bir neçə məqam var ki, buna diqqət yetirməyə dəyər. Əvvəla, son 3 turda Şəhriyarı ən yaxın izləyicilərinin ikisi ilə oyun gözləyir. Söhbət Veselin Topalov və Maykl Adamsdan gedir. İkinci məqam isə bundan ibarətdi ki, Məmmədyarov heç vaxt heç-heçəyə oynamır. Bu cür məqamlarda isə soyuqqanlı oyun tələb olunur. Dolayısı ilə qalan 3 oyundan 1,5 xal toplamaq, şahmatçımızın turnirin qalibi adını qazanması üçün kifayət edəcək. Əlbəttə, nəzəri cəhətdən ümumi xal ehtiyatı 6-ya çatan qrossmeysterimizi kiminsə qabaqlaması mümkündü. Ancaq praktika göstərir ki, nəzəriyyə elə nəzəriyədə qalır və Məmmədyarov riskli şahmat fəlsəfəsindən müvəqqəti əl çəksə yaxşıdı.

Sonda turnirin qalibi adına daha yaxın olan şahmatçıların iştirakı ilə keçiriləcək növbəti 3 tura nəzər salaq.

7-ci tur Elyanov – So (3,5) Rəcəbov – Topalov (3,5) Məmmədyarov (4,5) – Adams (3,5)

8-ci tur Kramnik – Adams Voytaşek – Məmmədyarov Topalov – Harikrişna So – Rəcəbov

9-cu tur Harikrişna – So Məmmədyarov – Topalov Adams – Voytaşek

6 turdan sonrakı turnir cədvəli 1.    Məmmədyarov 4,5 2.    Topalov           3,5 3.    So                  3,5 4.    Adams            3,5 5.    Elyanov           3 6.    Karyakin         2,5 7.    Rəcəbov         2,5 8.    Voytaşek        2,5 9.    Kramnik         2,5 10.  Harikrişna       2

CEYHUN ƏLİYEV