Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığıyla yanvarın 6-da şahmat üzrə I dəstə yarışlarına start verilib. Sport24.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının I Vitse-prezidenti Faiq Həsənov ilk dəfə olaraq bütün partiyaların internet üzərində canlı təqdim olunduğunu söyləyib.
AŞF rəsmisi yekunda ən yüksək nəticə göstərəcək şahmatçıların Azərbaycan çempionatında mübarizə aparacağını bildirib.
Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında I dəstə yarışları Azərbaycan çempionatına seçmə xarakter daşıyır. Birinci dəstədə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafat qazanacaq.
I dəstə yarışlarına yanvarın 14-də yekun vurulacaq. Turnirin baş hakimi Lütfiyar Rüstəmovdur.