"Barselona"nın futbolçusu Lamin Yamal La Liqanın "Vilyarreal"la oyununda (2:0) fərqlənərək diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, ispan futbolçu qarşılaşmanın 63-cü dəqiqəsində qol vuraraq matçda yekun hesabı müəyyənləşdirib.

 

Bu qolla Lamin Yamalın La Liqadakı ümumi qol sayı 21-ə çatıb. Statistikaya görə, bu göstərici XXI əsrin əvvəlindən etibarən Avropanın beş əsas liqasında 18 yaşdan kiçik futbolçular arasında ikinci ən yüksək nəticədir. Bu yaş həddinə qədər yalnız Kilian Mbappe daha çox qol vurmağı bacarıb. Fransız hücumçu 19 yaşına çatana qədər Liqa 1-də 23 qol qeydə alıb.

 

 

Qeyd edək ki, Lamin Yamalın Mbappenin rekordunu geridə qoyması üçün cari La Liqa mövsümündə daha üç qol vurması kifayətdir.

 

Statistik göstəricilərə əsasən, Yamal 2025/26 mövsümündə La Liqada keçirdiyi 14 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.