Tomas Tuxel İngiltərə millisinin Dünya Çempionatı üçün yekun heyətini bəyan edib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssisin seçimi ölkədə böyük səs-küyə və müzakirələrə səbəb olub. Belə ki, komandaya dəvət almayan ulduzların siyahısı gələnlərdən daha çox diqqət çəkib.
Baş məşqçi Fil Foden, Harri Maquayr, Koul Palmer və Trent Aleksander-Arnold kimi ulduzları kənarda qoyub. Bundan başqa, bu mövsüm Premyer Liqada 14 qolla ən məhsuldar ingilis futbolçu olan Morqan Gibbs-Uayt, həmçinin Adam Uarton, Luis Hall, Luk Şou, Levi Kolvill, Konor Qallaxer və Cerrod Bouen də heyətdən kənarda qalıb.
Heyətdə cəmi 8 futbolçu – Pikford, Rays, Stounz, Henderson, Keyn, Reşford, Saka və Bellingem 2022-ci ildə Qatarda keçirilən turnirdən sonra yerini qoruya bilib. Cek Spens ("Tottenhem"), Carrell Kuansa ("Bayer") və Tino Livramentonun ("Nyukasl") dəvət alması isə sürpriz addım hesab olunur.
Tuxel mətbuata açıqlamasında bu addımlarını komandadakı daxili ab-hava ilə əlaqələndirib:
"Burada əsas prioritet qrup və komandadır. Beynəlxalq futbolda ən vacib amil oyunçular arasındakı kimyadır. Çempionluqları komandalar qazanır. Hər kəsi məmnun etmək çətindir. Çox çətin qərarlar verməli olduq. İndi tam komandaya güvənirik".
Qeyd edək ki, L qrupunda mübarizə aparacaq ingilislər iyunun 17-də Xorvatiya, iyunun 23-də Qana, iyunun 27-də isə Panama ilə qarşılaşacaqlar.