Madrid "Atletiko"su hücumçu Nikolas Ceksonun transferi ilə bağlı "Çelsi" ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

London klubu seneqallı hücumçunu mövsümün sonuna qədər icarəyə vermək niyyətindədir. Tərəflər həmçinin onun müqaviləsinə transfer bəndinin daxil edilməsi imkanlarını müzakirə edirlər. 

 

Bir müddət əvvəl "Aston Villa"nın hücumçu ilə danışıqlar apardığı bildirilirdi. Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri də seneqallını komandasında görmək istəyir. 

 

Qeyd edək ki, Cekson ötən mövsümü icarə əsasında "Bavariya"da keçirib. O, Münhen təmsilçisində bütün turnirdə 34 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçu bu yay DÇ-2026-da Seneqal millisinin heyətində 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib.