Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi olub. Sport24.az xəbər verir ki, üçüncü mərhələ 162,9 kilometr məsafəni əhatə edib.

 

O, məsafəni 3 saat, 26 dəqiqə, 43 saniyəyə qət edib. Belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.

 

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün isə "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov ikinci mərhələnin qalibi olub.

 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

 


Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.