Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir. Sport24.az xəbər verir ki, bu gün kişilər arasında 25 m məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

 

Fransalı Klemen Besua 25 dəqiq atışla bürünc medal qazanıb. Çempionluq uğrunda mübarizədə çinli Xinjie Wang və çexiyalı Martin Podraski münasibətlərinə aydınlıq gətirib. Maraqlı keçən duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medalın sevincini yaşayıb. Xinjie Wang yarışı gümüş medalla başa vurub.

 

Yarışdan sonra Podraski təəssüratlarını bölüşüb: "Bu, Bakıda əldə etdiyim ilk medaldır. Təbii ki, sevinirəm. Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm. Bugünkü finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, "qızıl" qazanmağımda təcrübə böyük rol oynadı. Həm öz, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi".

 

O bildirib ki, atəş meydanları ən xoş sözlərə layiqdir: "Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır. Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir".

 

Qeyd edək ki, Dünya kuboku mayın 12-də yekunlaşacaq.