Taleyin işinə bax - 19-da dünyaya gəldi, 19-da dünyadan köçdü. Bu rəqəm onun həyatında bir iz buraxdı. Bu gün koronavirusdan vəfat edən dəyərli həmkarımız, tanınmış teleşərhçi Elnur Əşrəfoğludan bəhs edirəm.

Ona hər il iyunun 19-da ad günü təbriki yazırdım. Hər dəfə də diqqətdən kənar qoymurdu bunu, təşəkkürünü çatdırırdı bəndənizinə. Budəfəsə artıq yoxluğunda yazmalı oluram haqqında...

Mətbuatda böyük təcrübəyə malik, ilk adıdımlarını hələ 90-ci illərdə gənc yaşlarında atan Elnur Əşrəfoğlu. Soyadı Şükürov, “Olimpiya” İnformasiya Agentliyi və Olimpiya.az saytının rəhbəri olan tanınmış idman jurnalisti 30 ilə yaxın bu sahədə çalışdı. Bizlər orta məktəbdə oxudumuz zamanı ali təhsil ocağını bitirən Əşrəfoğlu mediada ilk addımlarını atmağa başlayıb. Həmin vaxtlar 90-cı illərin əvvəlləri, müstəqilliyimizin ilk vaxtları idi. Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirən Elnur ilk addımlarını qəzet jurnalistikasında - “525-ci qəzet”, “7 gün “ , “Azərbaycan” kimi mötəbər qəzetlərdə atıb. Ancaq təbii ki, səbəbkar televiziyada - Az.TV-dən tanınıb. O, dövlət televiziyamızda 16 il (1993-2009-cu illərdə) ərzində çalışdığı müddətdə müxbirlikdən İdman proqramları redaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksələ bilib, bir çox yeni layihələrin müəllifi kimi tanınıb.

Əşrəfoğlunun müəllifi və aparıcısı olduğu “Sport digest” əyləncəli idman televiziya proqramı 90-cı illərdə milyonlarla teleizləyicinin böyük rəğbətini qazanmışdı. Azərbaycan Televiziyasının qızıl fonduna daxil olan “Zirvəyə doğru: Sidney-2000”, “Afina-2004”, “Pekin zəfərləri”, “Milli Olimpiya Komitəsi-10 il”, “Professor”, “9 nömrəli oyunçu”, “Böyük hokkey”,”Sehrbaz” və daha bir neçə sənədli filmlərin ərsəyə gəlməsində səbəbkarın əmək sərf edib.

O, "İdman Azərbaycan"ın (hazırkı "İdman TV"nin) yaradıcılarından biri olub. Əşrəfoğlu daha sonralar "Space" "Qol" proqramınının aparıcısı olub, qısa müddətdə ATV-də də futbol verilişində aparıcılıq edib.

Elnur xaricdə keçirilən bir yarışlarda iş başında olub. Belə ki, o, müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb. Bu, 1995-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilən, Avropa çempionatının seçmə mərhələ oyunu olan İsrail - Azərbaycan rəsmi matçı idi. Əşrəfoğlu 1996-cı ildən başlayaraq bütün Yay Olimpiya Oyunlarında idman jurnalisti kimi çalışıb. Azərbaycan Milli Komitəsinin üzvü olan həmkarımız 3 Qış Olimpiadasını canlı izləməyə də imkan tapıb.

Əşrəfoğlu bir çox beynəlxalq idman yarışlarından reportaj hazırlayan və 1994-cü ildən başlayaraq bütün futbol üzrə dünya və Avropa çempionatlarının final mərhələsində Azərbaycandan yeganə akkreditə olunan jurnalist olub. Onun ünsiyyət qurduğu, müsahibə aldığı insanlar arasında tanınmış idmançılar, futbolçular, o cümlədən Pele, Maradona kimi əfsanələr olub.

Əşrəfoğlu 2009-cu ildən funksioner kimi fəaliyyət göstərirdi. O, 2009-2012-ci illərdə "Neftçi"də Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olub. O, 2 dəfə ardıcıl çempionluq sevinci yaşayan azsaylı həmkarlarımızdan biridi. Elnur 2015-ci ilin sentyabrından Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edib, son 3 ildə isə həmin qurumda baş katibin müavini olub.

Elnurun kiçik qardaşı da idman mediasına bağlı olub. Baxmayaraq ki, 20 ilə yaxındı bank sektorunda çalışır Rəşad Şükürov. Ancaq o, "Futbol+"in "şinel"indən çıxanlardan biri olub, bir yerdə çalışmışıq orda.

Əşrəfoğlu müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışsa da, onu əsas tanıdan, sevdirən, özünün də ən ürəyincə olan heç şübhəsiz ki, şərhçilik idi. Və ölümünə az qalmış ona yenidən bu şansı, Bakının da ev sahibliyi etdiyi AVRO-2020-də İTV yaratdı. Bununla da Elnur şərhləriylə bizlərə nostalji hisslər yaşatdı.

Heç vaxt yazmadığım, yalnız ikimizin bildiyi bir məqama da toxunum - idman jurnalistikasında olduğum bu 20 ildə ən real təkliflərdən birini də məhz Əşrəfoğludan almışdım. Cüdo federasiyasında mətbuat xidmətində rəhbərliyi altında çalışmağımı istədi, hətta bununla bağlı görüşdük də. O dövrdə çalışdığım "Qəbələ İK" qəzeti də bağlanmışdı. Ancaq elə bir həssas məqam vardı ki, həmin strukturdan gedə bilməzdim. Bunu Elnura bildirəndə, çox anlayışla qarşıladı və fikrimi dəstəklədi.

Səhhətiylə bağlı həyatda bir zərbəni bunadək almışdı. Hələ "Neftçi"də işlədiyi zamanı xərçəng xəstəliyinə tutulduğundan bir böyrəyi əməliyyatla götürülmüşdü. Bir böyrəklə uzun müddət yaşayan Elnur üçün sonda "korona"ya tutulanda böyrək çatışmazlığı da böyük problem yaratdı.

"Liverpul"un azarkeşi idi Əşrəfoğlu. Onun Premyer Liqa çempionu olmasını görmək də qismətində imiş, doğma Zəngilanının işğaldan azad olunmasını da. Dünyanın 102 ölkəsində olmaqla həmkarları arasında müqayisəolunmaz göstəriciyə malik idi. Ancaq bu dəfə dünyadan əbədi köçdü - Allah sənə rəhmət eləsin, ruhun şad olsun, Əşrəfoğlu!

 

 

MEHMAN SÜLEYMANOV