Azərbaycan İdman Akademiyası (ASA) və Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə məşqçi-müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlim və lisenziyalaşdırma proqramı həyata keçirir. Sport24.az xəbər verir ki, proqramın növbəti mərhələsi iyul ayında baş tutacaq və cüdo məşqçiləri üçün I, II və III səviyyələr üzrə genişmiqyaslı təlimlər təşkil ediləcək.
Təlimlərdə texniki-taktiki bacarıqlar, məşq planlaşdırması, yarış analizi, psixoloji və fiziki hazırlıq, eləcə də beynəlxalq yarış qaydaları üzrə biliklərə xüsusi önəm veriləcək.
Qeyd edək ki, sözügedən əməkdaşlıq çərçivəsində iyunun 10-13-də ASA-nın ev sahibliyi ilə "Təlimçi bacarıqları" modulu üzrə ilk təlimlər uğurla başa çatıb. Bu modul məşqçilərin pedaqoji, psixoloji və kommunikativ bacarıqlarının inkişafına yönəlib. Təlim proqramında iştirak edən cüdo üzrə məşqçilər yalnız texniki-taktiki biliklərlə deyil, həm də fasilitasiya, motivasiya, auditoriya idarəetməsi, ünsiyyət və bədən dili kimi müasir təlimçi bacarıqları ilə tanış olublar.
ASA və ACF-in bu təlimləri nəinki mövcud məşqçilər, eləcə də gələcəkdə tədris və məşqçilik sahəsində çalışmaq istəyənlər üçün uzunmüddətli strateji inkişaf platforması kimi dəyərləndirilir.