Azərbaycanda cüdo populyar idman növlərindən sayılır. O, daha çox müstəqillik dönəmində diqqət mərkəzində olsa da, inkişaf yolu hələ SSRİ dövrünə gedib çıxır. Belə ki, 1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar verir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Azərbaycanda ilk cüdo məşqçilərindən biri də həmin vaxt fəaliyyət göstərmiş Ağarza Əhmədov olur. Onun üçün bu gün həyatında əlamətdar gündü - ad günüdü. 78 yaşı tamam olur Ağarza müəllimin. 

22 noyabr 1972-ci ildə respublikamızda ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar "Dinamo", "Burevestnik", "Lokomotiv", "Vodnik" cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayır. Əhmədov də Azərbaycanın ilk cüdo məşqçilərindən sayılır.  O, 1972-ci ilin dekabrında həmkarları - Azərbaycan cüdo məktəbinin digər ilk məşqçilərindən olan İsmayıl Əhmədov, Sabir Hüseynov və Viktor Kuznetsovla birlikdə Moskvada təşkil olunmuş məşqçilərin ilk Ümumittifaq seminarında iştirak edirlər. 

Əhmədovla Kuznetsov 1973-cü ildə Azərbaycan SSRİ-nin milli komandasının baş məşqçiləri təyin olunurlar. Əsas söz sahibi Ağarza müəllim olur. Məhz həmin vaxt samboculardan ibarət ilk cüdo yığma komandası yaradılır. Ağarza müəllim Sovet dönəmində 10 il milli komandamızın baş məşqçisi olur və həmin dövrdən  Azərbaycanda cüdonun inkişafı başlayır. O, yığmamızın və cüdonun respublikamızda ilk günlərdən inkişafında əvəzsiz zəhməti və əziyyəti olan, bir çox məşhur cüdoçuların  həm fərdi planda, həm yığma komandada uğurlarında, ümumiyyətlə, cüdoçu kimi formalaşmasında danilmaz xidmətləri olan böyük ustaddı. Əhmədovun dövründə Zakir Kərimov gənclər oyunlarının qalibi, mərhum Sahib İsmayılov ilk idman ustası, Fərhad Rəcəbli SSRİ birinciliyinin ilk mükafatçısı olub. 

Təbii ki, Ağarza müəllimin tələbləri çox olub. Onlar arasında ən tanınmışlardan olan Tərlan Poladovu xüsusi vurğulamalıyıq ki, onun şəxsi məşqçisi olub. Poladov 1984-cü ildə yeniyetmələr arasında SSRİ birinciliyinin qalibi olub. Həmin vaxtadək buna nail olan yalnız Ələkbər İsmayılov idi ki, bundan 7 il qabaq çempion olmuşdu. 

Əhmədov özü də vaxtilə cüdoyla məşğul olaraq həm bu, həm də sambo növü üzrə idman ustasıdı. Onun idmançı kimi də bir çox nailliyətləri olaraq, 34-35 yaşlarında Daxli İşlər Nazirliyi arasında SSRİ çempionatının bürünc medalını qazanmasını qeyd edə bilərik. Həmin vaxt samboçular olsa da, cüdo respublikamızda yeni-yeni ayaq açırdı. Heç kim bu idman növü haqda bilmirdi. Elə sambonun üzərində cüdoya yol açılır və tanınmağa başlayır. 

Ağarza müəllimin budəfəki ad günündə tələbələri ətrafında toplaşdı, köhnə günlər xatırlandı. Səbəbkara ilk növbədə möhkəm can sağlığı arzulandı, bundan sonra da neçə ad günləri keçirməyi, uzun müddət ömür  arzulandı. Biz də təbriklərə qoşuluruq. Ad gününüz mübarək, Ağarza müəllim!