"Qəbələ" - "Kəpəz" oyununun nəticəsi meydan sahibləri üçün qanqaraldıcı olsa da, dünən keçirilən matç vitse-kapitanı Urfan Abbasov üçün əlamətdar oldu. 31 yaşlı müdafiəçi "qırmızı-qaralar"ın heyətində  300-cü matçını keçirib. Qarşılaşmdan sonra 31 yaşlı futbolçu Sport24.az-ın bölgəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.


- "Qəbələ"də 300-cü matçını keçirdin. Təəssüratların maraqlıdı...

- Çox xoşbəxtəm ki, "Qəbələ"nin yetirməsi olarq komandanın heyətində 300 oyun keçirmişəm. Kaş ki, bu yubiley komandamın autsayder olmadığı halda gerçəkləşərdi. "Qəbələ"nin sonuncu pillədə qalması mənə çox pis təsir edir.


- "Kəpəz"ə məğlubiyyəti nə ilə əlaqələmdirərdin?
- Bəxtsizlik. Bu mövsüm bəxt bizdən uzaq düşdü. Düzdü, zəif oynadığımız görüşlərdə olub. Amma əksər oyunlarda bəxtsizlikdən meydanı məğlub tərk etmişik. Baxın, gəncəlilərlə oyunda dominantlıq edən tərəf biz idik, bir neçə 100 faizli qol imkanları yaxalasaq da, top heç cür qapıdan keçmədi. Əvəzində ani bir səhv və hesabda geri düşdük.

 


- Bu gün bir neçə qol imkanını boşa verməklə yadda qaldız. Xüsusilə də Allaş bir neçə metrdən real qol şansını boşa verdi. Səncə, matçın qırılma nöqtəsi harda oldu?
- Həqiqətən də mövsümboyu qol epizodu yaratmada çətinlik çəkməmişik. Amma bir çox hallarda son nöqtəni qoya bilməmişik. Sanki tilsimə düşmüşük, hec cür rəqibləri cəzalandıra bilmirik.


- "Kəpəz"ə məğlub olmaqla elitanı tərk etməyiniz rəsmləşdi. Amma elitada komanda sayının artırılması gündəmdədi. Buna ümid edirsən?
- Hazırda heç nəyə ümidimiz yoxdu. 10-cu pillədə olmamalıydıq. Amma nə qədər acı olsa da, reallıq odur ki, sonuncuyuq.


- Qarşıda 4 tur var. Sizin isə artıq heç nəyə ümidiniz qalmayıb.Növbəti  oyunlara motivasiya olmaq çətin olmayacaq?  
- Əlbəttə çox çətin olacaq. Hamımız məyusuq. Amma çalışacağıq son 4 oyunda adımıza uyğun vuruşaq.


- Gələcəklə bağlı nə fikirləşirsən?
- "Qəbələ" ilə 1 illik müqaviləm var. Amma gələcəkdə necə olacağını deyə bilmərəm.


- "Qəbələ"yə güzəşt olunmasa və komanda növbəti mövsümdə I Liqada çıxış edəcəyihalda, düşərgədə qalacaqsan?  
- Hələlik nəsə deyə bilmərəm. Zaman göstərəcək.

ABDULLA İSMAYILOĞLU