"Azərbaycan millisinin seçmə mərhələnin açılış oyununda İslandiyaya sarsıdıcı hesabla (0:5) uduzmasından sonra çoxları Ukraynanın asan qələbə qazanacağını düşünür". Sport24.az xəbər verir ki, bu sözləri ukraynalı  mütəxəssis Yojef Sabo deyib.

Ukrayna yığmasının sabiq çalışdırıcısı komandanın bu gün keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ matçı ilə bağlı fikirlərini bölüşüb:

"Amma qarşıdakı oyunla bağlı məndə bir qədər pis hiss var. Bu, şübhəsiz asan olmayacaq. Azərbaycanda baş məşqçi dəyişdi. Bəlkə də futbolçular əvvəlki mütəxəssisi sadəcə "əritdi". Əgər belədirsə, o zaman Fernandu Santuşun gedişindən sonra kollektivdə ab-hava yaxşılığa doğru dəyişə bilər. Bundan əlavə, Azərbaycan öz meydannında oynayır və azarkeşlərin dəstəyi hər zaman cəsarətli oyuna ruhlandıra bilər".

85 yaşlı sabiq baş məşqçi matçla bağlı proqnozunu da açıqlayıb:

"Mən bu oyundan narahatam. İstənilən nəticə mümkündür. Mən heç-heçəni istisna etmirəm. Amma ümid edirəm ki, uşaqlar ruhdan düşməyəcəklər və ən azı 2:1 hesabı ilə qalib gələcəklər".

Qeyd edək ki, bu gün oynanılacaq Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.