Misli Premyer Liqasının IX turunun "Qəbələ" – "Neftçi" oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– "Neftçi"ni təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Qol vəziyyətlərimiz olur. İndividual səhvlərdən qollar buraxırıq. Sanki epizodlarımızda soyuqqanlılıq çatmır. İşləməliyik. Səhvləri aradan qaldırmalıyıq. Təəssüfləndirən məğlubiyyətdir. Epizodları qola çevirə bilsəydik, fərqli ola bilərdi.
– Oyunu Abubakara qədər və ondan sonra deyə iki hissəyə bölmək olar?
– Abubakar yaxşı futbolçudur. Biz sadəcə öz oyunumuza baxmalıyıq. Abubakara yox, özümüzə diqqət etməliyik. Belə futbolçuların gəlişi çempionatın səviyyəsini qaldırır.
– Hər oyundan sonra rəqib baş məşqçilər "Qəbələ"nin yaxşı oynadığını, oyun tərzini bəyəndiyini deyir. Siz özünüz komandanın oyununu bəyənirsiniz?
– Oyunu görürük. Amma vacib xaldır. Xal qazanmalıyıq. Karyeram ərzində yüksək liqada qalmaq uğrunda oynayan komandada işləməmişəm. Klublarım daim yüksək yerlər üçün mübarizə aparıblar. Mənimçün bu baxımdan çətindir. Klub prezidenti ilə görüşdük və danışdıq. Oyun baxımından yaxşıyıq, amma şans bizim yanımızda da olmur. Bu gün "Neftçi" 2 epizoddan 2 qol vurdu. Amma biz fürsətləri boşa verdik. Söz vermişəm, komandanın liqada qalması üçün əlimdən gələni edəcəm. Səbr edəcəyik, razılaşmışıqsa, bu işin sonuna qədər postumuzda qalacağıq.
– Samir Abasovun futbolçu kimi ən uğurlu dönəmi sizin "İnter"dəki dönəminizdə olub. Bu gün onun komandasını təhlil edən zaman öz təsirinizi görürsünüz?
– Samir Abasova təşəkkür edirəm. Onunla tez-tez danışırıq. Onun adına şadam ki, məşqçi kimi yaxşı yetişib. Azərbaycanda gənc, yaxşı yetişmiş məşqçilər var. Biz isə öz diqqətimizi komandamıza yönəltməliyik.