"Qarabağ"ın çox güclü qrupu var. Rəqiblər öz ölkələrinin iki çempionu və Almaniya Bundesliqasının hazırkı lideridi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Onun sözlərinə görə, keçmiş komandası Avropa Liqasında heç də çoxlarının düşündüyü kimi asan qrupa düşməyib: "Ola bilər bir çoxuna elə gəlir ki, asan qrupdu, burdan rahat çıxmaq olar. Amma şəxsən mən fərqli fikirdəyəm. Əksinə, çox ciddi qrupdu. Skandinaviya təmsilçilərini hesabdan silmək olmaz. Hər halda, Norveçlə İsveçin son çempionlarıdı, meydançaları da süni örtüklüdü. Çox ciddi komandalara qarşı çox ciddi sınaqlar olacaq. "Bayer" isə çoxlarının fikrinə görə, Almaniyada hazırda ən yaxşı komandadı. Futbol analitiklərinin yazdıqlarını da oxumuşam, hamı belə düşünür. Bizim qapıçı Andrey Lunyev, hansı ki "Qarabağ"a məhz "Bayer"dən gəlib, o da belə deyir. Bütün bunlara nəzərə alsaq, mənə görə çox ağır qrupdu. Bəli, bizim də yaxşı komandamız var. Buna görə qrupdan çıxmaq şansımız yüksəkdi. Amma bir daha vurğulayım ki, çox möhkəm qrupdu".
"Şah" "Qarabağ"ın 3 il əvvəl onu Çempionlar Liqası mübarizədən kənarlaşdırmış "Molde"dən bu gün revanş alacağını gözləyir: "Qrupda ilk matçı evdə oynayırıq və qələbə gözləyirəm. Bunun üçün bizim uşaqlara azarkeşlik edəcəm, onlara görə həyəcan keçirəcəm. Əlbəttə, bu, həmişə belə olacaq. İndi dünyada belə bir komanda var ki, orda oynamıram, amma ona güclü azarkeşlik edirəm (gülür). Bu, mənim "Qarabağ"ımdı".
Məhəmmədəliyev Türkiyə Super Liqa təmsilçisi "Adana Dəmirspor"a keçidindən sonra "Qarabağ"ın ilk matçda "Sabah"ı məğlub etməsinə də toxunub: "Həmin saatlarda məşqimiz vardı. Amma oyunun ikinci hissəsinə özümü çatdırdım, hardasa 55-ci dəqiqə gedirdi. Mobil telefonumu trenajor zalında bir az kənarda qoydum ki, məşqdən sonra tez qaçıb hesaba baxım. Gördüm ki, 2:0 qalib gəldilər. Başa düşürdüm ki, "Qarabağ" üçün Premyer Liqada çox vacib matçdı. Əlbəttə, keçmiş komanda yoldaşlarımı bu mühüm qələbə münasibətilə təbrik etdim. Eləcə də gənc həmkarım Amin Ramazanovu yaxşı oyunla. Düzdür, 90 dəqiqədə qapısı qarşısında elə bir qol vəziyyəti olmadı. Amma "Qarabağ"da belədi - xüsusi bir təhlükə yoxdu, amma daim diqqətli olmalısan. Uşaqlar, Azərbaycan üçün çox darıxıram. Burda tək olduğuma görə mənə ikiqat çətindi. Darıxıram, həmişə darıxacam Azərbaycan, "Qarabağ" üçün".
MEHMAN SÜLEYMANOV