Premyer Liqamızda VI turda bugünkü oyun gününə Gəncədə start veriləcək. Belə ki, "Kəpəz" "Səbail"i qonaq edəcək. "Dənizçilər"in təcrübəli baş məşqçisi Şahin Diniyev ona yaxşı tanış olan Gəncədə, duel öncəsi Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

- Düşərgədə ab-hava necədi?

- Yaxşı. Gəncəyə oyuna 1 gün qalmış, günorta saatlarında gəldik. Saat 17:00-da məşq etdik.

- Qazon normal idimi? Bu vaxtlar yaxşı olmalıdı...

- Doğrusu, yardımçı meydançada məşq etdik. Amma sonra girib qazona baxdım. Meydança yaxşı vəziyyətdədi. Bakıda olan meydançalardakı vəziyyətdən yaxşıdı. 

- Xatırlayırsınız, keçən çempionatda Gəncədə son matç məhz sizin komandayla olmuşdu. Hansında ki, qazon çox bərbad idi və bununla bağlı haqlı narazılığınızı bildirmişdiniz...

- Bəli, o zaman oynamaq çox təhlükəli idi. Dediklərimdən və bizimlə oyundan sonra PFL qərar verdi ki, burda matçlar olmasın. Əslində, biz də burda oynamamalı idik. Belə deyək, digər komandaların sağlamlığını qoruduq. 

- Sizə çox doğma olan Gəncədə özünüzü necə hiss edirdisiniz?

- Xoşdu burda olmaq. Gəncə mənim üçün xoş xatirələrlə doludu. Düzdür, acılı günlərimiz də olub. Lakin xoş xatirələr daha çoxdu. Burda həm futbolçu, həm də məşqçi kimi hərəsində 2 dəfə olmuşam. Buna görə bu şəhər mənim üçün doğmadı. Eləcə də Gəncənin futbolu da, azarkeşləri də. Buranın hər küçəsini, döngəsini tanıyıram. Öz evimə gəlmişəm. Doğrudu, məşqimizdə azarkeş bir az idi. Hamısıyla görüşdük, hal-əhval tutduq. Onları görmək xoş oldu. Yəqin, azarkeşlər oyunda da olacaqlar. Mənə elə gəlir ki, hər şey normaldı. 

- Statistikaya önəm verməyə bilərsiniz, bu, normaldı. Amma fakt var ki, "Səbail" Gəncəyə son 3 səfərində xalsız qalıb...

- Ümumiyyətlə, Gəncədə oynamaq bütün komandalar üçün çox çətindi. Bunu burda işlədiyim üçün yaxşı bilirəm. Gəncədə azarkeş amili var. "Kəpəz" ümumiyyətlə, öz meydanında daha əzmlə oynayır. Çılğın azarkeşləri var və futbolçular onların qarşısında son damla nəfəslərinədək vuruşurlar. Bilirsiniz, "Neftçi" burda uduzdu. Burdan xal aparmaq çox çətindi. Bunu ümumiyyətlə, illərdi görürük. "Kəpəz" Gəncədə tam başqa oynayır. Keçən mövsüm "Qarabağ" da burda xal itirdi, "Sabah" da, "Zirə" də, "Qəbələ" də. Burda xal itirməyən komanda yoxdu. Elə bir komanda yoxdu ki, gəlib Gəncəyə sakit 3 xalını aparsın. Burda belə şey mümkün deyil. Gəncənin hansı yerində olmağından asılı olmayaraq, kimsə gəlib rahat 3 xal aparması çox çətindi.

- İndi siz əsas qayığılandıran odur ki, komanda yaxşı oyun tonusunda idi, ardıcıl 2 qələbə qazanmışdı və ikihəftəlik fasilə düşdü...

- Razıyam. O ritm, oyun, həftəlik tsikl var ki, ondan çıxanda yenidən orda girmək üçün vaxta ehtiyac var. Belə deyək, elə bil maşını işə salırsan, tam başlayır getməyə, sonra dayandırırsan və onun qızması üçün zaman lazımdı. Bilmirəm necə olacaq, bunu oyunda görəcəyik. Ancaq fakt odur ki, həmin ritmdən bir az uzaq olacağıq. Bununla tam razıyam.

- Və ən maraqlı məqam - "Səbail"də köməkçiniz olmuş Azər Məmmədovla rəqib kimi duel...

- Azər Məmmədov yanımda 5 ay köməkçim olub. Ümumiyyətlə, hər bir sirrimə bələddi - həm standart vəziyyətlərdə, həm də oyun üslubuma, oyun quruculuğunda nə istədiyimi çox yaxşı bilir. Bunların hamısından çox yaxşı xəbəri var. Amma futbol belədi ki, proqnozları sevməyən oyundu. Bilmirik hansı dəqiqədə nələr baş verəcək. Həm də futbolçular da dəyişib o vaxtla müqayisədə. Məmmədov bildiklərindən necə istifadə edəcək, onu görəcəyik. Burda insan, futbolçu amili də var.  Futbolçular tam başqa cürdü, yaxşı elədiklərinin qarşısını almaq çox çətin olur. 

- Bir söz var ki, müəllim tələbəsindən həmişə mütləq bir fəndi gizlədir. Yəqin, sizdə də bu var...

- Bilirsiniz, futbol dəyişir, həftə də, komandalara qarşı oyun da. Əlində olan "material"ları tam başqa cür istifadə edirsən. Sadə bir misal çəkim - keçən mövsümkü futbolçular deməzdim keyfiyyətsizdirlər, amma bu ilkilərdən zəifdirlərsə, onlara uyğun taktikanı, oyunu qurursan. Lakin əllərindəkilər hərtərəfli yaxşı "material" olanda artıq dediklərini həmin futbolçulardan daha artıq edirlər. Yəni, keyfiyyət baxımından başqa cür edə bilirlər. O sarıdan icraçılardan da çox şey asılı olacaq. 

- Yeri gəlmişkən, oyunöncəsi Azər müəllimlə Gəncədə görüşə bildiniz?

- Bəli, həm Azər müəllimlə, həm də klub rəhbəri İlqar Nadiri, eləcə də Mehman və Füzuli Allahverdiyev qardaşlarıyla da. Hər biriylə təklikdə isti görüşümüz oldu.

- Maraqlıdı, Məmmədovla duel öncəsi zarafatlaşdınız?

- Yox. Amma bir söz dedim ki, istəməzdim səninlə belə qarşılaşım. Yəni, rəqib kimi qarşılaşaq - bunu nəzərdə tuturdum. Həm futbolçum olum, həm də yanımda köməkçim. Ümumiyyətlə, onun məşqçiliyə gəlməyində böyük əməyim olub. Bilirsiniz, "Kəpəz" Premyer Liqaya çıxanda onu əvəzedici komandaya gətirdim, baş məşqçi oldu. Həm də yaxşı insandı. Məmmədov yaxşı futbolçu olub. Buna görə ona belə söz dedim. Amma bu, futboldu, rəqib olursan.  

 

 

MEHMAN SÜLEYMANOV