AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı Premyer Liqanın XXX turunda "Turan Tovuz"la oyunda hakimi təhqir etmədiyini bildirib. Məsələ ilə bağlı Sport24.az-a açıqlama verən funksioner cəza ilə barışmadığını, idarəçiliklə bağlı baş hakimə iradını bildirdiyini söyləyib: "Heç bir təhqiramiz ifadə işlətməmişəm. Birinci hissədən sonra Rauf Cabarovun idarəçiliyindən narazı qaldığımı bildirmək istəmişəm. Hətta sözümü deyərkən, hər xırda nüansa fikir vermişəm. Orda heç bir təhqir olmayıb.  Hətta onu qeyd edim ki, adım protokolda olmaya-olmaya, referi mənə qırmızı vərəqə göstərdi. Bu hansı qaydada yazılıb? Yəni mənə qırmızı vərəqə verməyə ixtiyarı yox idi".

 

Klub rəsmisi etirazını AFFA-ya bildirdiyini də vurğulayıb: "AFFA İntizam Komitəsinə və Hakimlər Komitəsinə müraciət etmişəm. Çünki təhqir olmayıb, işlətdiyim cümlə də yadımdadır. Obyektiv araşdırılmasını xahiş etmişəm. Qərardan apellyasiya şikayəti də verəcəyik. Təhqir etmədiyim üçün Rauf Cabarovun protokola bu cür yazmasından çox narazıyam. Bu mənim nə adıma, nə də təcrübəmə yaraşar. Cəzanı imicimə xələl gətirən hal kimi qiymətləndirirəm. Haqlı olduğumu sübut etmək üçün lazımi instansiyalara müraciət edəcəm".

 

Qeyd edək ki, Səbuhi Səfiyarlı 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin edilib.