"Əslində bir neçə təklif var idi. Amma "Səbail"in layihəsi, baş məşqçi Elvin Məmmədovun mənə olan münasibəti və rəhbərliyin göstərdiyi etimad qərar verməyimdə həlledici oldu. Klubla aparılan danışıqlardan sonra burada faydalı olacağıma inandım. Çünki "Səbail"in hədəfləri ilə şəxsi məqsədlərim üst-üstə düşür". Sport24.az xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında "Səbail"in yeni transferi Səbayıl Bağırov bildirib.
30 yaşlı müdafiəçi komandanın qarşıdakı hədəflərindən danışıb: "Əsas məqsədim komandaya maksimum fayda vermək, meydanda liderlik göstərmək və klubun Premyer Liqaya qayıdışına töhfə verməkdir. Öz performansımla həm komanda daxilində, həm də çempionatda diqqət çəkən oyunçulardan biri olmağa çalışacağam. Elvin müəllimin və rəhbərliyin mənə göstərdiyi etimadı doğruldub, çempionluq uğrunda mübarizə aparacağıq. Bu inam və birliklə məqsədimizə çatacağımıza əminəm. Meydanda məsuliyyəti üzərimə götürməyi sevirəm və liderlik rolunu da məmnuniyyətlə qəbul edirəm. Əsas hədəfim stabillik, əzm və komandanı irəli aparacaq çıxışlardır".
Bağırov "Şamaxı" ilə yollarını ayırmasına da toxunub: "Futbol hərəkətdə olan bir sahədir və bəzən yolların ayrılması təbiidir. "Şamaxı" ilə qarşılıqlı anlaşma əsasında ayrıldıq. Komandanın azarkeşləri və şəhər möhtəşəmdir. Orada gözəl dostlar qazandım və şəhər mənim üçün hər zaman unudulmaz olaraq qalacaq. Həqiqətən dəyərli xatirələrim var. Orada keçirdiyim müddət üçün minnətdaram, amma artıq yeni səhifə açılıb və diqqətim tam olaraq "Səbail"dədir".