Misli Premyer Liqasının XXIII turunun "Karvan-Yevlax" – "Sumqayıt" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

 

– Çalışdıq ki, akademiyanın yetirmələrinə şans verək. Bundan sonra bu yolla davam edəcəyik.


– Qərarınızın səbəbi nədir?

 

– Rəhbərlikdən gələn tapşırıqdır ki, akademiya yetirmələrinə üstünlük verək. Kifayət qədər səhvlər etdik, keyfiyyətsiz oyun alındı. Penaltidən də yararlana bilmədik.

 

– Bu heyət autsayderlə də bacarmır. Qarşıdakı oyunlardan nə gözləyirsiniz?

 

– Baxacağıq.

 

– Strategiyanı dəyişmisiniz. Bu, sizin şəxsi iddianızla üst-üstə düşür?

 

– Verilən qərara hörmətlə yanaşıram.


– Son zamanlarda komandanın oyunlarında geriləmə hiss olunur. İddia var ki, yayda klubdan ayrılacaqsınız?


– Mövsümün sonuna hələ var. Nə qərar verilsə, qəbul edəcək. Müqaviləm mövsümün sonuna kimidir.

 

– "Sumqayıt" akademiyasının perspektivi haqda nə düşünürsünüz?

 

– Güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Qərarı başa düşürəm, avrokuboklara vəsiqə şansımız azalıb. Buna görə strateji yollar ayrılıb.

 

– Mövsümün əvvəlində qərar qəbul edilib ki, yerli, gənc oyunçuların oyun dəqiqəsinə görə bonuslar veriləcək. Bu strategiya məsələsində bu amilin rolu var?

 

– Bu barədə eşitmişəm. Strategiyanın dəyişməsi əsas avrokuboklara vəsiqə şanslarının azalmasıdır.

 

– Komandanın belə durumunda rəhbərliyin dəstəyini hiss edirsiz, ya narazılıq var?


– Komanda üçün çalışırıq. Mövsümün əvvəli yaxşı başladıq. Amma qış fasiləsində müəyyən tələblərim oldu. Onlar da alınmadı.

 

– Penaltiləri fərqli futbolçuların vurmasının izahı nədir?


– Bu, oyunçuların öz qərarıdır. Qarışmamışam.


– Axşamki "Beşiktaş" – "Qalatasaray" oyununu izləyəcəksiniz?


– Əlbəttə, baxacağam. İki mövsüm "Qalatasaray"da oynamışam. Onların azarkeşiyəm.